AZ

Nigeriya rəsmisi: Azərbaycanın tətbiq etdiyi bəzi uğurlu təcrübələri öyrənmək və ölkəmizdə tətbiq etmək istəyirik

Bakı, 22 may, AZƏRTAC

Nigeriya Ümumdünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində yeni urbanizasiya gündəliyi və Dayanıqlı İnkişaf Məqsədi 11-in icrası istiqamətində həyata keçirilən layihələri beynəlxalq ictimaiyyətə təqdim edir. Bununla yanaşı Nigeriyanın sərgi pavilyonunda ölkədə mənzil çatışmazlığının azaldılması istiqamətində görülən işlər nümayiş etdirilir.

Bunu AZƏRTAC-a açıqlaması zamanı Nigeriyanın Mənzil və Şəhərsalma Nazirliyinin direktor müavini Roland Ovafri bildirib.

“Burada layihələrimiz, şəhərsalma təşəbbüslərimiz və qeyri-rəsmi yaşayış məntəqələrində həyata keçirilən proqramlar haqqında məlumat təqdim olunur. Forumun təşkili və iştirakçı sayı olduqca təsiredicidir”, – deyə Roland Ovafri qeyd edib.

O bildirib ki, Nigeriya Afrikada urbanizasiya tempinin ən yüksək olduğu ölkələrdən biridir və hazırda əhalisi 1 milyondan çox olan 10 şəhərə malikdir.

“Urbanizasiya sürətlə artdıqca infrastruktur və kommunal xidmətlər üzərində yük də artır. Buna görə hökumət şəhərlərin yenilənməsi, infrastrukturun genişləndirilməsi, xüsusilə qeyri-rəsmi yaşayış məntəqələrində yaşayan insanlar üçün xidmətlərin yaxşılaşdırılması istiqamətində tədbirlər həyata keçirir”, – deyə nazirlik rəsmisi vurğulayıb.

Roland Ovafri Azərbaycan Prezidenti tərəfindən forumun açılış mərasimində səsləndirilən fikirlərin diqqətlə izlənildiyini bildirərək Azərbaycanın şəhərsalma və urban inkişaf sahəsində həyata keçirdiyi layihələrin Nigeriya üçün maraqlı təcrübə olduğunu qeyd edib.

“Azərbaycanın tətbiq etdiyi bəzi uğurlu təcrübələri öyrənmək və ölkəmizdə tətbiq etmək istəyirik. Eyni zamanda, biz də öz təcrübəmizi Azərbaycan tərəfi ilə bölüşməyə hazırıq”, – deyə o əlavə edib.

Müxbir-Vüqar Qurbanoğlu
Tərcümə-Əyyub Ələsgərov

 

Seçilən
28
1
azertag.az

2Mənbələr