Bakı, 22 may, AZƏRTAC
Türk Dövlətləri Təşkilatı (TDT) türk birliyinin və tərəqqinin rəmzinə çevrilib. AZƏRTAC rəsmi UZA agentliyinə istinadla xəbər verir ki, bu bəyanatı Özbəkistan Prezidenti Şavkat Mirziyoyev qədim Səmərqənd şəhərində keçirilən TDT ölkələri məhkəmə orqanları rəhbərlərinin IV iclasının nümayəndələrinə müraciətində verib.
Prezident Mirziyoyev qeyd edib: “İlk növbədə, əziz dostlar, sizi türk sivilizasiyasının ən qədim mərkəzlərindən biri olan Səmərqənd şəhərində salamlamaqdan səmimi-qəlbdən məmnunam. Şübhəsiz ki, bu görüşün həmişə ədalət prinsiplərinə əsaslanan Əmir Teymur dövlətinin paytaxtında, böyük sərkərdənin anadan olmasının 690-cı ildönümünün geniş beynəlxalq səviyyədə qeyd olunması zamanı keçirilməsi iclasa xüsusi təntənə ovqatı qatır”.
Özbəkistan Prezidenti diqqətə çatdırıb ki, qlobal birlikdə rolu və nüfuzu durmadan artan Türk Dövlətləri Təşkilatı bu gün türk birliyinin və tərəqqinin rəmzinə çevrilib. “Bu, qəlblərimizi böyük qürur və heyranlıq hissi ilə doldurur”, -deyə o vurğulayıb.
Dövlət başçısı bildirib ki, qanunun aliliyinin təmin edilməsi, effektiv idarəetmə və insan hüquqlarının qorunması Türk Dövlətləri Təşkilatının fəaliyyətində xüsusi yer tutur. Xüsusilə dünyanın geosiyasi xəritəsinin köklü dəyişikliklərə məruz qaldığı, ziddiyyətlərin və münaqişələrin miqyasının artmaqda davam etdiyi hazırkı mürəkkəb vəziyyətdə bu məsələlərin birgə müzakirəsi, effektiv həll yollarının axtarılması son dərəcə vacibdir. “Biz, şübhəsiz ki, ölkələrimizin həyatında ədalət və qanunun aliliyini təmin etmək, insan hüquqlarını qorumaq və güclü məhkəmə hakimiyyəti qurmaq üçün Məhkəmə Şuralarına böyük ümidlər bəsləyirik. Məhz bu baxımdan əminəm ki, bugünkü iclasın gündəliyinə daxil olan məsələlər Şuraların gələcək işi üçün yeni istiqamətləri müəyyən edəcək”, -deyə Mirziyoyev vurğulayıb.
O, iclas zamanı üzv dövlətlərdə Məhkəmə Etikasının Ümumi Prinsipləri haqqında Anlaşma Memorandumunun imzalanmasının türk xalqlarının ortaq tarixi və hüquqi ənənələrinin, habelə məhkəmə sistemləri arasında mənəvi meyarların vəhdətinin möhkəmləndirilməsinə töhfə verəcəyini qeyd edib. Prezidentin sözlərinə görə, bu mühüm sənəd beynəlxalq səviyyədə tanınmış məhkəmə davranış standartlarının vacibliyini vurğulamaqla yanaşı, milli hüquqi ənənələrə hörmətlə yanaşmağı da nəzərdə tutur.
Özbəkistan lideri xatırladıb ki, bu il mayın 6-da Daşkənddə keçirilən Ədliyyə Akademiyaları Forumunda türk dövlətlərinin məhkəmə-hüquq sahəsində təhsil sisteminin təşkili üçün minimum standartlarla bağlı beynəlxalq sənəd qəbul edilib. O əlavə edib: “Əminəm ki, Səmərqənd görüşündə bütün ölkələrimiz üçün prioritet olan qanunun aliliyinin təmin edilməsi və insan hüquqlarının qorunması kimi nəcib məqsədlərə doğru əhəmiyyətli nəticələr əldə ediləcək. Ən əsası, bu cür forumlar, şübhəsiz ki, dövlətlərimiz arasında strateji tərəfdaşlığı, xalqlarımızın sıx dostluq və qardaşlıq əlaqələrini daha da gücləndirməyə, Türk dünyasının beynəlxalq aləmdə nüfuzunu, təsirini və statusunu artırmağa xidmət edir”.