“Qarabağ”da mövsümün yekunları ilə bağlı tədbir keçirilib.
Klub rəhbərlkiyi ilə məşqçi və futbolçu heyəti arasında təşkil olunmuş görüşdə komandanın Çempionlar Liqasının pley-off mərhələsinə qədər irəliləməsi ölkə futbolu adına böyük uğur kimi qiymətləndirilib.
Həmçinin yeni mövsüm və hədəflər barədə fikirlər bildirilib.
Məlum tədbir sosial şəbnəkələrdə geniş müzakirələrə yol açıb. Dah doğrusu klubun paylaşdığı şəkildə Elvin Cəfərquliyevin olmaması narazılıq doğurub.
Hətta bir qisim Abbas Hüseynovun görüşdə iştirak etdiyi halda, Elvinin niyə kənarda qaldığını müzakirəyə çevirib. Abbasın Qurban Qurbanovla qohumluq əlaqələri əsas gətirilib, müxtəlif şərhlər yazılıb.
Şəkilə diqqətlə baxanda Abbas Hüseynovun iştirakçılar arasında yer almadığını görmək mümkündür. Görüşdə iştirak etsəydi, şəkil çəkilən anda qaçıb gizlənməzdi ki. Hər halda o da özünü “Qarabağ”lı sayıb cərgədə dayanardı.
Maraqlananda məlum oldu ki, rəhbərliklə komanda üzvləri arasındakı görüşdə Abbasla Elvinin heç biri olmayıb. Daha doğrusu, heç birinə dəvət göndərilməyib.
Niyə?
Çünki adları çəkilənlər hazırda əsas komandanın üzvü hesab olunmur. Xeyli vaxtdır A komandadan uzaq düşən milli üzvləri “Qarabağ-2”nin düşərgəsindədir.
Hüseynovla Cəfərquliyev məşqlərdə və oyunlarda iştirak etmirsə, başqa cür desək, bu gün əsas komandaya bağlılıq yoxdursa, yığıncaqda yer almamaları normaldır.
Tədbir sırf bu gün əsas komandada çalışanlara və oynayanlara aid olduğundan, intizam qaydalarını pozan hər iki futbolçu kənarda qalıb.
Maraq üçün bildirək ki, Abbas Hüseynovla Elvin Cəfərquliyev növbəti mövsümdə “köhlən atlar”ın formasını geyinməyəcək.
Abbas azad agent statusu ilə başqa kluba keçməkdə sərbəstdirsə, Elvin transferə çıxarılıb.
HƏBİB