AZ

Demokratlar Kamala Harrisin seçkidə məğlubiyyətinə görə Bayden komandasını günahlandırıb

Partiyanın 2024-cü il prezident seçkiləri ilə bağlı hesabatında Ağ Evin Harrisi kifayət qədər dəstəkləmədiyi və seçkiyə hazırlamadığı bildirilir...

Poliqon xəbər verir ki, Financial Times nəşrinin yaydığı məlumata əsasən, ABŞ Demokrat Partiyasının Milli Komitəsinin 2024-cü il prezident seçkilərinin nəticələrinə dair hazırladığı geniş hesabatda Kamala Harrisin Donald Trampa məğlub olmasına görə əsas məsuliyyətin Co Baydenin siyasi komandasının üzərinə düşdüyü qeyd olunub.

Təxminən 200 səhifədən ibarət hesabatda Ağ Evin Kamala Harrisə münasibətinin və partiya daxilində vahid mövqenin formalaşdırıla bilməməsinin seçicilərin etimadını ciddi şəkildə zəiflətdiyi vurğulanır. Sənəddə Demokrat Partiyasının müxtəlif səviyyələrdə siyasi mövqelər itirməsinin səbəbləri arasında ziddiyyətli mesajlar və qeyri-kafi planlaşdırma xüsusi qeyd edilir.

Demokrat Partiyasının siyasi məsləhətçisi Pol Rivera hesabatda bildirib ki, partiyanın müdafiə etdiyi siyasətlər seçicilər arasında dəstək qazanmağa davam etsə də, strateji səhvlər və koordinasiya çatışmazlığı demokratların seçkidə geriləməsinə səbəb olub.

“Acı həqiqət ondan ibarətdir ki, demokratlar ardıcıl olmayan bəyanatlar və lazımi səviyyədə aparılmayan planlaşdırma səbəbindən bütün səviyyələrdə mövqelərini itirdilər”, deyə Rivera qeyd edib.

Hesabatda həmçinin “qaçırılmış imkanlar”dan bəhs edilir və bildirilir ki, Ağ Ev Kamala Harris vitse-prezident olduğu müddətdə ona daha güclü siyasi və ictimai dəstək verməli idi. Sənəddə vurğulanır ki, Harrisin administrasiyanın əvvəlki mərhələlərində daha fəal şəkildə ön plana çıxarılması həm Baydenin reytinqinə müsbət təsir göstərə, həm də Harrisin prezident seçkisi kampaniyasına liderlik etməyə daha yaxşı hazırlanmasına imkan yarada bilərdi.

Demokrat Partiyasının Milli Komitəsinin yekun qənaətində qeyd olunur ki, Ağ Ev vitse-prezidenti “lazımi şəkildə hazırlamayıb”. Hesabat müəllifləri hesab edir ki, administrasiya Kamala Harrisin potensialından daha erkən mərhələdə istifadə imkanlarını araşdırıb qiymətləndirsəydi, bu həm prezident administrasiyasının ictimai dəstəyini artıra, həm də Harrisin seçki yarışında daha güclü namizəd kimi formalaşmasına kömək edə bilərdi.

Poliqon.info

Seçilən
45
poliqon.info

1Mənbələr