Rusiyada şirkətlər və fərdi sahibkarlar 2026-cı ildə artan nağd pul çatışmazlığı ilə üzləşiblər.
"Cebheinfo.az" xəbər verir ki, Aktion Finans tərəfindən aparılan araşdırmaya görə, müəssisələrin 27 faizi bu il ilk dəfə və ya uzun fasilədən sonra ciddi maliyyə çatışmazlığı yaşayıb.
Sorğuda iştirak edənlərin 26 faizi isə gündəlik xərcləri qarşılamaqda çətinlik çəkməyi artıq “işin adi bir hissəsi” kimi qiymətləndirdiklərini bildirib.
Araşdırmaya əsasən, xüsusilə neft-qaz, ticarət və ağır sənaye sektorlarında fəaliyyət göstərən şirkətlər daha çox maliyyə problemi yaşayır.
"Vedomosti" qəzetinin məlumatına görə, şirkətlərin əhəmiyyətli hissəsi gəlir itkisi ilə də qarşılaşıb.
Sorğuda iştirak edən müəssisələrin 43 faizi ilin ilk dörd ayında dövriyyələrinin ötən ilin eyni dövrü ilə müqayisədə azaldığını açıqlayıb.
Bu şirkətlərin 16 faizində gəlir itkisi 20 faizdən çox olub. Mütəxəssislər bildirirlər ki, artan xərclər, tələbatın azalması, yüksək vergilər və müştərilərdən gecikən ödənişlər şirkətləri çətin vəziyyətə salır.
Bəzi müəssisələr sahiblərinin şəxsi yığımlarına yönəldiyi halda, 11 faiz özəl investorların borc vəsaitindən istifadə edib. Bəzi şirkətlər isə mikro maliyyə təşkilatlarına müraciət etməyə məcbur qalıb.
Rusiya Mərkəzi Bankının məlumatına görə, kiçik və orta sahibkarlığa verilən kreditlər ilin ilk rübündə 12 faiz azalıb. Bununla yanaşı, gecikmiş borcların həcmi 7,4 faiz artaraq 631,1 milyard rubla çatıb.
Mütəxəssislər xəbərdarlıq edirlər ki, qısamüddətli kredit istifadəsinin sürətlə yayılması hələlik nəzarət altındadır, lakin ödəniş zəncirindəki problemlər davam edərsə, iqtisadi risklər daha da arta bilər.