AZ

Azərbaycanın verdiyi mesaj: Güclü dövlət, müasir şəhər, sosial rifah

“Bu gün dünya yeni bir dönüş nöqtəsindən keçir. Müharibələrin, enerji böhranlarının, iqlim dəyişikliklərinin, miqrasiya axınlarının və iqtisadi kataklizmlərin sarsıtdığı planetdə artıq dövlətlərin gücü yalnız orduların sayı, neft yataqları və ya sərvət ehtiyatları ilə ölçülmür. XXI əsrin əsas güc göstəricisi insan üçün qurulan şəhərlərdir. Müasir, dayanıqlı, texnoloji, yaşıl və sosial yönümlü şəhərlər…

Məhz belə bir tarixi mərhələdə Azərbaycanın ev sahibliyi etdiyi Ümumdünya Şəhərsalma Forumu 13-cü Sessiyası təkcə beynəlxalq tədbir deyil. Bu forum Bakının dünyaya verdiyi strateji mesajdır. Bu mesajın mahiyyəti isə çox aydındır:

Azərbaycan artıq sadəcə enerji ixrac edən ölkə deyil. Azərbaycan gələcəyin şəhərlərini quran, regionun inkişaf modelini müəyyən edən və yeni geosiyasi mərkəzə çevrilən dövlətdir”.
 Bunu Ölkə.az-a açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.

WUF13-Azərbaycanın qlobal nüfuzunun yeni zirvəsi
Komitə sədri bildirib ki, bu forumun Bakıda keçirilməsi təsadüfi deyil: “Son illərdə Azərbaycan beynəlxalq münasibətlər sistemində özünü etibarlı tərəfdaş, regional sabitliyin təminatçısı və qlobal təşəbbüslərin fəal iştirakçısı kimi təsdiqləyib. COP29-dan sonra WUF13 kimi nəhəng beynəlxalq platformanın Azərbaycana həvalə olunması da məhz bunun göstəricisidir.
Bu gün Bakı artıq yalnız Qafqazın deyil, Avrasiya məkanının diplomatik, iqtisadi və geosiyasi mərkəzlərindən birinə çevrilir. Dünyanın müxtəlif ölkələrindən minlərlə nümayəndənin, investorun, urbanistlərin, beynəlxalq təşkilat rəhbərlərinin Bakıya gəlməsi Azərbaycanın artan nüfuzunun real təsdiqidir.

Çünki dünya artıq Azərbaycana fərqli baxır.
Bir zamanlar müharibə və işğal problemi ilə gündəmə gələn Azərbaycan indi ağıllı şəhərlər, yaşıl enerji zonaları, rəqəmsal transformasiya və dayanıqlı urbanizasiya modeli ilə nümunəyə çevrilir”.

Qarabağ - dağıntılardan gələcəyin şəhərlərinə
Deputat əlavə edib ki, WUF13-ün ən mühüm strateji tərəflərindən biri də işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən bərpa və yenidənqurma modelinin dünyaya təqdim edilməsidir:
“Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən layihələr təkcə tikinti prosesi deyil. Bu, yeni həyat fəlsəfəsidir.
Dağıdılmış şəhərlərin yerində bu gün “ağıllı şəhərlər”, “ağıllı kəndlər”, yaşıl enerji infrastrukturu, müasir logistika xətləri, rəqəmsal idarəetmə sistemləri qurulur. Ağdam, Füzuli, Zəngilan, Şuşa və digər şəhərlər yalnız yenidən tikilmir, eyni zamanda gələcəyin urbanizasiya modelinə çevrilir.
Azərbaycan bununla dünyaya göstərir ki, müharibədən çıxmış bir ölkə dağıntılar içində qala da bilərdi. Amma Bakı fərqli yol seçdi: viran qalmış torpaqları XXI əsrin ən müasir yaşayış məkanına çevirmək yolu.
Bu, həm siyasi iradənin, həm iqtisadi gücün, həm də milli vizyonun təntənəsidir.

Şəhər artıq sadəcə bina deyil- iqtisadiyyatın ürəyidir
Müasir dövrdə şəhərsalma artıq yalnız memarlıq və tikinti anlayışı deyil. Şəhər iqtisadiyyatın, texnologiyanın, innovasiyanın və sosial rifahın əsas mühərrikinə çevrilib.
Bu gün dünyanın ən güclü iqtisadiyyatları eyni zamanda ən güclü şəhər sistemlərinə sahib ölkələrdir. Çünki böyük maliyyə axınları, texnoloji innovasiyalar, rəqəmsal xidmətlər və yüksək gəlirli iş yerləri məhz urban mərkəzlərdə formalaşır.
Düzgün planlaşdırılmış şəhərlər investisiya cəlb edir, biznesi genişləndirir, logistikanı sürətləndirir, məhsuldarlığı artırır, yeni iş yerləri yaradır, insanların həyat keyfiyyətini yüksəldir. Bu baxımdan şəhərsalma artıq sosial layihə yox, dövlətlərin iqtisadi strategiyasının mərkəzinə çevrilib. Azərbaycan da bunu çox yaxşı anlayır.

Yeni Azərbaycan: insan üçün qurulan dövlət modeli
WUF13 çərçivəsində təqdim olunan əsas ideyalardan biri də “insan mərkəzli inkişaf” konsepsiyasıdır. Çünki müasir şəhər yalnız beton binalar, geniş yollar və göydələnlər demək deyil.
Əsl şəhər insanın rahat yaşadığı, təhlükəsiz hərəkət etdiyi, keyfiyyətli təhsil və səhiyyəyə çıxış əldə etdiyi, texnologiyanın gündəlik həyatı asanlaşdırdığı, ekologiyanın qorunduğu, sosial rifahın təmin olunduğu məkandır. Bu gün Azərbaycan məhz belə bir model qurmağa çalışır.
“15 dəqiqəlik şəhər” konsepsiyası, yaşıl nəqliyyat sistemləri, alternativ enerji, rəqəmsal xidmətlər və smart idarəetmə mexanizmləri Azərbaycanın postneft dövrünə hazırlığının əsas istiqamətlərindən birinə çevrilib.
Bu isə yalnız şəhərlərin gözəlləşməsi deyil. Bu, insanların gələcəyinin qurulmasıdır.

WUF13- iqtisadi inkişafın yeni qapısı
Forumun Azərbaycana gətirəcəyi dividendlər təkcə siyasi və imic xarakterli deyil. WUF13 ölkəyə milyardlarla dollarlıq yeni investisiya imkanları aça bilər.
Çünki investorlar üçün əsas məsələ artıq təkcə resurs deyil. Onlar müasir infrastruktur, rəqəmsal idarəetmə, logistika imkanları, dayanıqlı enerji sistemi, sosial sabitlik, urban inkişaf modeli axtarırlar. Azərbaycan isə bütün bu istiqamətlərdə yeni regional mərkəzə çevrilmək iddiasını ortaya qoyur. Bu forum həm də minlərlə yeni iş yerinin açılması baxımından mühüm rol oynayacaq. 

Bakı artıq dünyaya yeni Azərbaycanı təqdim edir
Bir vaxtlar yalnız enerji layihələri ilə tanınan Azərbaycan indi yeni inkişaf fəlsəfəsi təqdim edir. Bu fəlsəfənin mərkəzində isə bir fikir dayanır: Güclü dövlət yalnız sərhədlərini qorumur. Güclü dövlət insanına rahat, təhlükəsiz, texnoloji və ləyaqətli həyat qurur. Bu forum Bakının dünyaya verdiyi yeni mesajdır:Azərbaycan artıq sadəcə regionun deyil, gələcəyin şəhərlərini quran ölkələrdən biridir”.

Mürtəza

Seçilən
43
1
olke.az

2Mənbələr