AZ

Türkiyədə şok - Ana müxalifət parriyasının sədri məhkəmə qərarı ilə təyin olundu...



Ankara Məhkəməsi Türkiyənin Cümhuriyyət Xalq Partiyasının rəhbəri Özgür Özəlin vəzifəsindən uzaqlaşdırılmasına və yerinə Kamal Kılıçdaroğlunun gətirilməsinə qərar verib.

“Anadolu” agentliyi yazır ki, bu qərarla Özgür Özəli partiya rəhbəri edən 2023-cü ildəki CHP-nin 38-ci qurultayının qərarı ləğv edilmiş olub. Lakin qərar təkcə Özgür Özələ yox, partiyasının Mərkəzi İdarə Heyətinin bütün üzvləri, partiya məclisi üzvlərinə və Ali İntizam Komitəsinin üzvlərinə də aid edilib.
“BBC Türkçə” yazır ki, məhkəmə qərarı sayəsində Kamal Kılıçdaroğlu və 38-ci qurultaydan öncəki idarə heyəti üzvlərinin CHP-də vəzifələrinə geri qayıtması üçün hüquqi əsas yaranıb. Məhkəmənin qərarı CHP-nin hazırkı rəhbərliyinin etirazına səbəb olub. Partiyanın İdarə Heyəti təcili toplanıb, partiyanın Ankara Nümayəndəliyi isə tərəfdarlarını mərkəzi qərargah önünə çağırıb.CHP rəhbərinin müavini Burhanettin Bulut X hesabında məhkəmə qərarını tanımadıqlarını bildirib. Müxalif mövqeyi ilə seçilən “Cümhuriyyet” qəzeti isə hökumət adına yalnız ədliyyə naziri Akın Gürləkin danışaraq məhkəmənin qərarını müdafiə etdiyini və onu müstəqil adlandırdığını deyib. Akın Gürlək nazir olmazdan əvvəl İstanbul prokuroru kimi çalışıb. Məhz o, İstanbul meri Əkrəm İmamoğlu və CHP-nin digər nümayəndələrinə qarşı cinayət işlərinin prokuroru olub.Akın Gürlek məhkəmə qərarı ilə bağlı hüquqi prosesin CHP üzvlərinin müraciətləri ilə başladığını bəyan edib: “Hansı partiya olur-olsun, nümayəndələrin və üzvlərin iradəsinin maraq, təzyiq və ya yönləndirmə ilə pozulması qəbuledilməzdir”.
Məhkəmənin qərarına görə, 2023-cü il noyabrın 6-da baş tutan qurultay partiyadaxili demokratiya, bərabərlik və azad iradə prinsiplərinə zidd şəkildə keçirilib, bu səbəbdən səsvermə mütləq etibarsızlıq əsası ilə qüsurlu hesab olunub. Məhkəmə qərarının açıqlanmasından sonra Kılıçdaroğludan ilk açıqlama gəlib: “Türkiyə və CHP üçün xeyirli olsun. Bütün partiya üzvləri qərarı sakitliklə qarşılamalıdır. Partiyamız çox böyük partiyadır. Partiyamız öz problemlərini öz daxilində həll edəcək”. Özgür Özəl də məsələ ilə əlaqədar sosial media hesabında açıqlama verib: “Mən sizə hakimiyyətə gül bağçasından keçərək çatmağı vəd etmirəm. Mən sizə əzablara dözməyi, amma təslim olmamağı vəd edirəm. Mən sizə şərəf, ləyaqət, cəsarət və mübarizə vəd edirəm”.
CHP-nin 38-ci qurultayı ilə bağlı məhkəmə uzun müddətdir davam edir. Müxalifət məhkəmənin hakimiyyətin planı olduğunu iddia edir. Hakimiyyət isə məhkəməyə CHP-lilərin özlərinin müraciət etdiyini deyərək bu iddianı rədd edir.

Tahir TAĞIYEV

Seçilən
9
baki-xeber.com

1Mənbələr