AZ

“WUF13 Azərbaycanın beynəlxalq imicinə ciddi töhfələr verəcək”

Yazını böyüt
Yazını kiçilt

“WUF13 sıradan beynəlxalq tədbir deyil. Bu, BMT-nin şəhərsalma və urban inkişaf üzrə ən böyük qlobal platformasıdır. Forumun Bakıda keçirilməsi Azərbaycanın beynəlxalq nüfuzunun artdığını göstərir. Artıq ölkəmiz təkcə enerji və nəqliyyat layihələri ilə deyil, şəhər inkişafı və dayanıqlı urbanizasiya məsələləri ilə bağlı da beynəlxalq gündəmdə yer almağa başlayır. Bu forum Azərbaycan üçün həm siyasi, həm iqtisadi, həm də strateji baxımdan əhəmiyyətlidir”.

Bu fikirləri Hafta.az-a açıqlamasında Nizami rayon icra hakimiyyətinin məsul işçisi, MMP sədr müavini Könül İsmayılova bildirib. Qeyd edib ki, sözügedən forum Azərbaycanın beynəlxalq imicinə ciddi töhfələr verəcək.

K.İsmayılova vurğulayıb ki, dünyanın on minlərlə iştirakçısı, dövlət nümayəndələri, urbanistlər, investorlar və beynəlxalq təşkilatlar bu gün Bakıya diqqət yönəldib. Belə tədbirlər ölkənin “soft power” imkanlarını gücləndirir. Yəni Azərbaycan artıq yalnız region ölkəsi kimi deyil, qlobal proseslərdə iştirak edən dövlət kimi təqdim olunur:

“Qeyd edim ki, COP29-dan sonra WUF13 Azərbaycanın beynəlxalq tədbirlər diplomatiyasının növbəti mühüm mərhələsidir. Onu da deyim ki, Forum çərçivəsində Qarabağ və Şərqi Zəngəzur layihələrinin təqdim olunması da diqqət çəkir. Bu, çox vacib məqamdır. Azərbaycan postmünaqişə dövründə həyata keçirilən yenidənqurma layihələrini beynəlxalq auditoriyaya təqdim etmək imkanı əldə edir. Bu gün Qarabağda: ağıllı şəhər modelləri, yaşıl enerji həlləri, rəqəmsal idarəetmə sistemləri, müasir infrastruktur layihələri həyata keçirilir.

Forum vasitəsilə Azərbaycan göstərmək istəyir ki, işğaldan azad edilmiş ərazilər yalnız bərpa olunmur, həm də gələcəyin şəhər modeli əsasında yenidən qurulur. Bu həm siyasi mesajdır, həm də investisiya baxımından vacib platformadır”.

O, əlavə edib ki, ümumiyyətlə, böyük beynəlxalq tədbirlər iqtisadi canlanma yaradır. “Minlərlə xarici qonağın Bakıya gəlməsi hotel sektoruna, restoran biznesinə, nəqliyyat xidmətlərinə, turizm sektoruna, tədbir sənayesinə müsbət təsir göstərir. Eyni zamanda, kiçik və orta sahibkarlıq üçün də bu forum əlavə imkanlar yaradır. Demək olar ki, Bakı artıq beynəlxalq konqres və forum şəhəri kimi mövqeyini möhkəmləndirir”, - K.İsmayılova bildirib.

Məlum olduğu kimi, Forumun əsas mövzusu “təhlükəsiz və dayanıqlı şəhərlər”dir. Bakının bu standartlara necə cavab verməsinə diqqət çəkən K.İsmayılova bildirib ki, burada problemlər də var:

“Son günlər yağışlardan sonra Bakıda yaranan subasma halları bir daha göstərdi ki, şəhərin drenaj və kanalizasiya infrastrukturu ciddi modernləşməyə ehtiyac duyur. Eyni zamanda nəqliyyat sıxlığı, tikinti yüklənməsi, yaşıllıq sahələrinin azalması, piyada infrastrukturu kimi problemlər də mövcuddur. WUF13 bizim üçün təkcə təqdimat deyil, həm də özümüzü analiz etmək fürsətidir. Dünya artıq şəhərlərə fərqli yanaşır. Müasir şəhər yalnız gözəl binalardan ibarət deyil. Müasir şəhər təhlükəsiz olmalıdır, ekoloji dayanıqlı olmalıdır, insan yönümlü olmalıdır, iqlim risklərinə hazır olmalıdır. Əgər forumdan sonra bu istiqamətdə real islahatlar baş verərsə, WUF13 tarixdə dönüş nöqtəsi kimi qala bilər”.

Forumun gənclər və tələbələr üçün yaratdığı imkanlara gəlincə, K.İsmayılova vurğulayıb ki, minlərlə könüllü və tələbə beynəlxalq tədbirin idarə olunmasında iştirak edir ki, bu da xarici əlaqələr qurmaq, beynəlxalq təcrübə qazanmaq, urbanistika və şəhər idarəçiliyi sahəsində yeni biliklər əldə etmək baxımından vacibdir. Ümumiyyətlə, belə tədbirlər yeni peşəkar nəslin formalaşmasına da təsir göstərir.

WUF13-dən sonra Azərbaycanda şəhər siyasətinin dəyişə biləcəyi sualına cavab olaraq hesab edir ki, dəyişiklik gözləniləndir:

“Çünki urbanizasiya artıq gələcəyin əsas çağırışlarından biridir. Azərbaycan gələcəkdə ağıllı şəhər modellərinə, yaşıl nəqliyyata, sosial mənzil proqramlarına, dayanıqlı tikinti standartlarına daha çox diqqət ayırmalıdır. Forum bu istiqamətdə beynəlxalq təcrübəni öyrənmək üçün böyük platformadır.

Bir cümlə ilə desək: WUF13 Azərbaycana beynəlxalq nüfuz, iqtisadi imkanlar, yeni urban inkişaf təcrübəsi və gələcəyin şəhərlərini qurmaq üçün strateji baxış verir. Əsas məsələ isə bu forumdan sonra deyilənlərin real layihələrə çevrilməsidir”.

Seçilən
47
hafta.az

1Mənbələr