Malayziya hökuməti uşaqları və yeniyetmələri zərərli onlayn məzmundan qorumaq məqsədilə iyunun 1-dən etibarən yeni qaydalar tətbiq edəcək.
QHT.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Malaysian Communications and Multimedia Commission açıqlama yayıb.
Yeni qaydalara əsasən, onlayn platforma provayderləri 16 yaşdan aşağı istifadəçilərin hesab yaratması və hesab sahibi olması ilə bağlı məhdudiyyətlər tətbiq etməli, həmçinin platformalarda məzmun nəzarətini gücləndirməlidirlər.
Qurum bildirib ki, tədbirlər uşaqlar üçün yaşa uyğun qoruma mexanizmlərinin yaradılmasına və yüksək riskli platforma funksiyalarına məhdudiyyətlərin tətbiqinə yönəlib.
Bundan əlavə, platformalar effektiv şikayət və cavab mexanizmləri yaratmalı, reklamverənlərin yoxlanmasını təmin etməli və uyğun hallarda manipulyasiya edilmiş məzmunu xüsusi şəkildə işarələməlidirlər.
Qeyd olunub ki, platformalara yeni tələblərin icrası üçün keçid müddəti veriləcək, lakin bu müddətin nə qədər olacağı açıqlanmayıb.
Malayziya son illərdə zərərli onlayn məzmunun artması səbəbindən sosial media şirkətlərinə nəzarəti gücləndirib. Ölkə hakimiyyəti onlayn qumar, dələduzluq, uşaq pornoqrafiyası, kibertəqib və irq, din və monarxiya ilə bağlı həssas məzmunları təhlükəli hesab edir.
Hökumət həmçinin bu il istifadəçilər üçün yaş təsdiqləmə sisteminin tətbiqini planlaşdırır.