AZ

“Federal mülkiyyətlərin idarə olunması üçün yerli dialoq mexanizmləri yaradılıb” - Braziliya rəsmisi

“Federal mülkiyyətlərin tənzimlənməsi və onların təyinatının müəyyənləşdirilməsi ilə məşğul oluruq”.

Redaktor.az xəbər verir ki, bunu WUF13 çərçivəsində “Şəhərin inkişafı üçün torpaq əsaslı strategiya kimi dövlət əmlakının idarə edilməsi” adlı sessiyada Braziliyanın Federal Əmlak Katibliyinin katib müavini Aleksandra Vieira dedi.

“Biz desentralizasiya olunmuş bir qurumuq. Hər bir ştatda fəaliyyət göstərən strukturlarımız var. Bu strukturlar həmin ərazilərin problemləri, tələbləri və yerli iştirakçıları ilə birbaşa dialoq qurur.

Bu superintendensiyalar çərçivəsində müxtəlif forumlar yaratmışıq. Həmin forumlarda müxtəlif qruplar təmsil olunur: ictimai hərəkatlar, yerli hakimiyyət orqanları və ərazilərdə marağı olan digər tərəflər. Buraya dəmir yollarının tikintisi ilə məşğul olan qurumlar, yerli xalqların hüquqlarını və ətraf mühitin qorunmasını təmin edən dövlət strukturları da daxildir”.

O vurğuladı ki, tərəflər bir araya gələrək müzakirələr aparırlar.

“Forumlar qərarverici orqan deyil, lakin torpaq sahələrinin müəyyənləşdirilməsinə və onların mümkün istifadə istiqamətlərinin dəyərləndirilməsinə kömək edir.

Çünki biz torpaqdan danışırıqsa, bu həm də münaqişələrdən və maraqlardan danışmaq deməkdir. Müxtəlif istifadə istiqamətləri həmin torpaqlara iddia edir və onlar üçün müxtəlif tələblər mövcuddur”.

Aytəkin TOFİQQIZI

Seçilən
65
1
redaktor.az

2Mənbələr