AZ

“Zombi hüceyrələr”ə qarşı preparat yaraların sağalmasını sürətləndirdi

Boston Universitetinin alimləri yaşlanmış hüceyrələrin məhv edilməsinə yönəlmiş ABT-263 preparatının yaşlı orqanizmlərdə yaraların sağalma prosesini sürətləndirə biləcəyini açıqlayıblar. Araşdırmanın nəticələri Boston University alimlərinin iştirakı ilə “Aging” jurnalında dərc olunub.

Mütəxəssislərin sözlərinə görə, yaş artdıqca orqanizmdə “zombi hüceyrələr” kimi tanınan senessent hüceyrələr çoxalır. Bu hüceyrələr artıq normal fəaliyyət göstərməsə də, toxumalarda iltihabı artıraraq bərpa prosesini ləngidir. Xüsusilə dərinin qocalması və yaraların gec sağalması ilə bu hüceyrələr arasında əlaqə olduğu bildirilir.

Tədqiqat zamanı alimlər senolitik xüsusiyyətə malik ABT-263 preparatını beş gün ərzində yaşlı siçanların dərisinə tətbiq ediblər. Daha sonra həmin heyvanlarda yaradılan kiçik yaraların sağalma tempi izlənilib. Nəticələr göstərib ki, preparat tətbiq olunan siçanların böyük hissəsində yaralar daha qısa müddətdə bağlanıb.

Araşdırmaya əsasən, ABT-263 hüceyrə qocalmasının təsirlərini zəiflədərək kollagen sintezini, yeni damarların yaranmasını və toxuma yenilənməsini aktivləşdirib. Alimlər həmçinin preparatın qısa müddətli iltihab reaksiyasını artırdığını, lakin bunun regenerasiya prosesinə müsbət təsir göstərə biləcəyini vurğulayıblar.

Mütəxəssislər hesab edir ki, gələcəkdə bu cür preparatlar əməliyyatlardan sonra sağalma riskinin yüksək olduğu yaşlı pasiyentlər üçün yeni imkanlar yarada bilər. Bununla belə, tədqiqatın hələ yalnız laboratoriya siçanları üzərində aparıldığı və preparatın insanlar üçün təhlükəsizliyi ilə effektivliyinin əlavə araşdırmalar tələb etdiyi qeyd olunur.

News365.az

Seçilən
15
news365.az

1Mənbələr