AZ

Bakıda öyrənəcəyimiz çox şey var - Tanzaniyalı mühəndis WUF13 təəssüratlarını bölüşüb

BMT-nin Ümumdünya Şəhərsalma Forumu (WUF13) dinamik və məhsuldar müzakirələrlə yadda qalır. Qlobal şəhərsalma çağırışlarının müzakirə olunduğu bu mühüm platformada iştirakçılar müxtəlif ölkələri təmsil edərək öz təcrübə və baxışlarını bölüşürlər.

“İki sahil” forum iştirakçılarının tədbirlə bağlı təəssüratlarını öyrənməyə davam edir.

Tanzaniyanın elektrik enerjisi şirkəti "Tanesco"nun mühəndisi Silvano Töngeni “İki sahil”ə özəl açıqlamasında forumun faydalı və öyrədici platforma olduğunu bildirib. 

O qeyd edib ki, xüsusilə Afrika ölkələri üçün belə beynəlxalq tədbirlər təcrübə və bilik mübadiləsi baxımından mühüm əhəmiyyət daşıyır: ”Forum çox yaxşı təşkil olunub. Burada öyrənəcəyimiz çox şey var. Afrikalılar olaraq fikir və bilik mübadiləsinə ehtiyac duyuruq. Dünən insan təhlükəsizliyi ilə bağlı sessiyada iştirak etdik. İnsan təhlükəsizliyi anlayışı yalnız siyasətlə məhdudlaşmır, bu mövzu daha geniş məsələləri əhatə edir”.

Silvano Töngeni forum çərçivəsində keçirilən sessiyaların iştirakçılar üçün yeni bilik və təcrübələr qazandırdığını vurğulayıb. O, bu imkanı yaratdıqları üçün Tanzaniya rəhbərliyinə və təşkilatçılara təşəkkürünü bildirib: ”Eyni zamanda, Azərbaycan hökumətinə və Bakı şəhərində bizi yüksək səviyyədə qarşıladıqları üçün təşəkkür edirik”.

Tanzaniyalı mühəndis Bakının inkişaf səviyyəsinin və memarlığının onda böyük təəssürat yaratdığını deyib: “Şəhərdəki binalara baxanda heyran qalıram. Memarlıq çox gözəldir və şəhərin hər yerində inkişaf hiss olunur. Mən əvvəllər belə bir şəhər görməmişdim”.

O, Azərbaycan insanlarının mehriban və qonaqpərvər olduqlarını da qeyd edib: ”Burada özümüzü çox rahat hiss edirik. İnsanlar daim gülümsəyir və çox istiqanlı davranırlar. Özümüzü sanki öz ölkəmizdəki kimi rahat hiss edirik”.

Azərbaycan mətbəxindən də razı qaldığını bildirən Silvano Töngeni yeməklərin Tanzaniya mətbəxindən fərqli olsa da, dadlı olduğunu vurğulayıb.

Bakıya ilk dəfə səfər etdiyini deyən qonaq, gələcəkdə yenidən Azərbaycana gəlmək istədiyini də əlavə edib.

Yaqut Ağaşahqızı, “İki sahil”

Seçilən
2
ikisahil.az

1Mənbələr