BMT-nin Ümumdünya Şəhərsalma Forumu (WUF13) dinamik və məhsuldar müzakirələrlə yadda qalır. Qlobal şəhərsalma çağırışlarının müzakirə olunduğu bu mühüm platformada iştirakçılar müxtəlif ölkələri təmsil edərək öz təcrübə və baxışlarını bölüşürlər.
“İki sahil” forum iştirakçılarının tədbirlə bağlı təəssüratlarını öyrənməyə davam edir.
Sudanın Xartum Universitetinin memar və tədqiqatçısı Lina Alhassan “İki sahil”ə özəl açıqlamasında Bakıda keçirilən WUF13 forumundan olduqca müsbət təəssüratlarla ayrıldığını bildirib.
O qeyd edib ki, bu, onun Bakıya ilk səfəridir və şəhər onda böyük maraq və sevinc hissi yaradıb: “Buradakı insanlar çox mehriban və qonaqpərvərdirlər. İndiyədək çox gözəl məkanlar görmüşəm və tədbirdən sonra şəhərin digər yerlərini də ziyarət etməyi planlaşdırıram”.
Lina Alhassan bildirib ki, bu, onun Ümumdünya Şəhərsalma Forumunda ikinci iştirakıdır. O, daha əvvəl Misirdə keçirilən WUF12 forumunda iştirak etdiyini və həmin tədbirdə Azərbaycan haqqında əldə etdiyi təəssüratların onu Bakıda keçirilən forumda iştirak etməyə həvəsləndirdiyini vurğulayıb: ”2024-cü ildən etibarən WUF13-də iştirak etməyi planlaşdırırdım və burada olduğum üçün çox xoşbəxtəm. Bu imkanı yaratdıqları üçün təşkilatçılara təşəkkür edirəm”.
Sudanlı memar forumun təşkilati səviyyəsini də yüksək qiymətləndirib. O, xüsusilə ilk gündə baş verən yağışlı hava şəraitinə baxmayaraq tədbirin uğurla davam etdirilməsini təqdirəlayiq hesab etdiyini bildirib: ”Gözlənilməz hava şəraitinə baxmayaraq, Bakı vəziyyəti uğurla idarə edə bildi və forum yüksək səviyyədə davam etdi. Bu, mənim üçün çox təsirli oldu”.
Lina Alhassan könüllülərin fəaliyyətindən də razılığını ifadə edib. O bildirib ki, forum ərazisində iştirakçılara istiqamət verilməsi, sessiyalar və qeydiyyat zonaları ilə bağlı dəstək göstərilməsi tədbirin daha rahat keçməsinə imkan yaradıb: ”Könüllülərin sayı və fəaliyyəti hər şeyi çox asanlaşdırırdı. Nəqliyyat sistemi, forum məkanına çıxış və metrodan istifadə çox rahat və təşkilatlanmış idi”.
Bakının memarlığına da heyran qaldığını deyən Lina Alhassan Alov Qüllələrini gördüyünü və tədbirdən sonra isə İçərişəhəri ziyarət etməyi planlaşdırdığını əlavə edib.
Yaqut Ağaşahqızı,”İki sahil”