AZ

Gənclərin mənzil və şəhərsalma problemlərinin həllində fəal iştirakı vacibdir

Bakı, 22 may, AZƏRTAC

Bakıda keçirilən BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində “İnklüziv və ədalətli şəhər keçidlərində gənclərin rolu” mövzusunda tədbir təşkil olunub.

AZƏRTAC xəbər verir ki, tədbirdə son illərdə sürətli urbanizasiya prosesinin, xüsusilə gənclər, uşaqlar, qadınlar, əlilliyi olan şəxslər və yaşlı insanlar üçün yaratdığı çağırışlar müzakirə edilib. Çıxış edənlər yeni şəhər gündəliyinin qəbulundan ötən 10 il ərzində inklüziv və ədalətli urbanizasiya siyasətinin əhəmiyyətinin daha da artdığını vurğulayıblar.

Panel sessiyalarında gənclərin mənzil və şəhərsalma problemlərinin həllində fəal iştirakının vacibliyi diqqətə çatdırılıb. Bildirilib ki, gənclər urbanizasiya prosesində yalnız təsirlənən tərəf deyil, həm də dəyişiklik yaradan əsas qüvvələrdən biridir.

Tədbirdə Banqladeş, Nigeriya və Kambocadan olan nümayəndələr öz ölkələrində həyata keçirilən layihələr barədə məlumat veriblər. Qeyd olunub ki, gənclərin qərarvermə proseslərinə cəlb edilməsi şəhər və icmalarda yaşayış keyfiyyətinin yaxşılaşmasına mühüm töhfə verir.

Sessiya çərçivəsində “Sosial inklüziv milli şəhər siyasətləri” adlı bələdçi təqdim olunub. Həmçinin hökumətlər, siyasətçilər və şəhərsalma üzrə mütəxəssislər üçün nəzərdə tutulan “Şəhər Gənclər Şurası Modeli” barədə məlumat verilib. Bildirilib ki, bu model gənclərin şəhər inkişafı və siyasət proseslərində daha fəal iştirakını təşviq etməyə xidmət edir.

Müxbir - Cavid Əliyev

Seçilən
21
azertag.az

1Mənbələr