AZ

Anaklaudia Rossbax: Mənzil böhranı qadınlara daha güclü təsir göstərir

Bakı, 22 may, AZƏRTAC

Qlobal mənzil böhranı qadınlara qeyri-bərabər şəkildə və daha güclü təsir göstərir.

AZƏRTAC xəbər verir ki, bu fikri BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində keçirilən “Gender bərabərliyi və qadınların gücləndirilməsi üçün adekvat mənzil” mövzusunda dəyirmi masada səsləndirib.

O bildirib ki, dünyada 3 milyard insan qeyri-adekvat mənzil şəraitində yaşayır, 1 milyarddan çox insan qeyri-rəsmi yaşayış məntəqələrində məskunlaşıb, yüz milyonlarla insan isə evsizlik problemi ilə üzləşir. O bildirib ki, qlobal mənzil böhranı qadınlara qeyri-bərabər şəkildə və daha güclü təsir göstərir.

Anaklaudia Rossbax qeyd edib ki, qadınlar adekvat mənzilə çıxış zamanı hüquqi, mədəni və sistemli maneələrlə qarşılaşırlar.

“Qadınların adekvat mənzilə çıxışı çox zaman kişi ailə üzvlərindən asılı vəziyyətə salınır. Torpaq mülkiyyəti və kredit sistemlərində də qadınlar kənarda qalırlar”, - deyə o vurğulayıb.

UN-Habitat-ın icraçı direktoru əlavə edib ki, qeyri-adekvat mənzil şəraiti qadınların məişət zorakılığı riskini artırır. “Qadınların mənzil siyasətinin formalaşdırılması prosesində iştirak etməsi vacibdir. Qadın merlər, nazirlər və rəhbərlər qərarların qəbulunda təmsil olunmalıdır”, - deyə Anaklaudia Rossbax əlavə edib.

Müxbir - Aytən Abbaslı

Seçilən
37
1
azertag.az

2Mənbələr