AZ

"Mina təmizlənməsi tikintidən daha erkən başlayıb bitirilməlidir" -

"Hazırda istifadəyə verilən yaşayış evləri və məntəqələr baş planların ilkin mərhələlərinə aiddir. Bu prosesin təhlükəsiz və ardıcıl aparılması üçün minatəmizləmə qurumları ilə sıx koordinasiya həyata keçirilir".Mətbuat.az xəbər verir ki, bunu bunu SCUPA Layihə İdarəetmə Departamentinin rəhbəri Ramil Cahangirov Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində çıxışı zamanı deyib. O bildirib ki, bərpa işləri minatəmizləmə ilə paralel və mərhələli şəkildə aparılır: "Azad edilmiş ərazilərdə yaşayış məntəqələrinin yenidən qurulması və infrastruktur layihələrinin icrası mərhələli şəkildə həyata keçirilir.Əvvəlcə ərazinin ilk mərhələsi minalardan təmizlənir, daha sonra tikinti işlərinə başlanılır. Söhbət yalnız yaşayış məntəqələrinin sərhədlərinin təmizlənməsindən getmir. Eyni zamanda həmin əraziləri elektrik, su təchizatı, qaz və genişzolaqlı internet kimi vacib kommunikasiya xətləri ilə birləşdirən marşrutların da minalardan təmizlənməsi vacibdir".O qeyd edib ki, bu istiqamətdə ANAMA və digər aidiyyəti qurumlarla, eləcə də kommunal xidmət təminatçıları ilə əməkdaşlıq prosesi olduqca əhəmiyyətlidir. Bu koordinasiya prosesi layihələri daha mürəkkəb etsə də, eyni zamanda daha sistemli və təşkilatlanmış şəkildə həyata keçirilməsinə imkan yaradır.Departament rəhbəri vurğulayıb ki, ərazilərin minadan təmizlənməsi tikinti başlamazdan dərhal əvvəl deyil, daha erkən mərhələdə başa çatmalıdır:"Çünki layihələndirmə və planlaşdırma işlərinin aparılması üçün mühəndislər, memarlar və dizaynerlər əraziyə daxil olmalı, geoloji və geofiziki araşdırmalar həyata keçirməlidirlər. Buna görə də təhlükəsizlik tədbirləri tikintidən əvvəl, hətta layihələndirmə mərhələsindən öncə təmin edilməlidir. Minatəmizləmə yalnız yaşayış məntəqələrinin sərhədləri ilə məhdudlaşmır. Gələcəkdə həmin ərazilərə qayıdacaq insanların sərbəst və təhlükəsiz hərəkətini təmin etmək üçün yaşayış məntəqələrinin ətrafındakı bufer zonaların da təmizlənməsi vacibdir".

Gülbəniz Hüseynli / Mətbuat.az

Seçilən
28
metbuat.az

1Mənbələr