AZ

Ramil Cahangirov: "270 min hektardan çox ərazi artıq minalardan təmizlənib"

"270 min hektardan çox ərazi artıq minalardan təmizlənib".

BAKU.WS xəbər verir ki, bu sözləri Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Layihələrin idarə edilməsi şöbəsinin müdiri Ramil Cahangirov Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası çərçivəsində keçirilən "Münaqişədən Sonrakı Şəhər Yenidənqurması: Humanitar Mina Təmizlənməsinin Həlledici Rolu" adlı tədbirdə çıxışı zamanı qeyd edib.

O bildirib ki, hansı ərazilərin daha çox çirkləndiyini və hansının nisbətən daha az riskli olduğunu müəyyən etmək üçün daim məsləhətləşmələr aparılır:

"Hazırda çox böyük rəqəmlərlə qarşılaşırıq: 270 min hektardan çox ərazi artıq təmizlənib". R.Cahangirov vurğulayıb ki, ANAMA-nın mütəxəssisləri üçün hər bir kvadrat metrin təmizlənməsi olduqca çətindir, çünki risk hər yerdə mövcuddur. Onun sözlərinə görə, təhlükə bəzən gözlənilməyən ərazilərdə-dağlıq bölgələrdə və aktiv döyüş əməliyyatlarının aparılmadığı zonalarda belə ortaya çıxır. Bu səbəbdən hər bir yaşayış məntəqəsinin tam şəkildə təmizlənməsi vacibdir.

Şöbə müdiri həmçinin ərazilərin baş planların mərhələli icrasının önəmini qeyd edib: "Hazırda təqdim olunan layihələr və tikilmiş evlər həmin kənd və şəhərlərin birinci mərhələsinə aiddir. Mərhələliliyi təmin etmək üçün mina təmizləmə qurumu ilə koordinasiya aparılmalı və yalnız birinci mərhələ tam təmizləndikdən sonra tikinti işlərinə başlanılmalıdır".

Seçilən
52
far.az

1Mənbələr