“Avropa İttifaqı “Team Europe” çərçivəsində, həmçinin mina təmizlənməsi layihələrinin əsas donorlarından biri kimi öz dəstəyini davam etdirməyə hazırdır”.
Musavat.com xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin təşkilatçılığı ilə təşkil olunan “Münaqişədən sonra şəhərlərin yenidən qurulması: humanitar minalarla mübarizənin kritik rolu” mövzusunda tədbirdə Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Mariyana Kuyundziç bildirib.
Aİ rəsmisi qeyd edib ki, mina təmizləmə avadanlıqlarının təmin olunması, eləcə də Mina Fəaliyyəti üzrə Beynəlxalq Mükəmməllik Mərkəzinin yaradılması və fəaliyyətə başlaması üçün əlavə olaraq 1 milyon avro vəsait ayrılıb:
“Bununla da “Team Europe” təşəbbüsünün ilkin dəstəyinin ümumi həcmi artıq 220 milyon avroya çatıb. Bu mərkəz bilik və təcrübə mübadiləsi platforması kimi region və qonşu ölkələr üçün də faydalı olacaq. Qlobal kontekstdə “Team Europe” yanaşması əməkdaşlığın və beynəlxalq dəstəyin genişlənməsi üçün mühüm təkan yaradıb. Avropa İnvestisiya Bankı və Avropa Yenidənqurma və İnkişaf Bankı da bu prosesdə fəal iştirak edir. Dövlət və özəl investisiyaların səfərbər olunması torpaqların daha sürətli şəkildə minalardan təmizlənməsinə və yenidənqurma işlərinin sürətlənməsinə ciddi töhfə verir. Bu məqsədlə mina fəaliyyəti məsələsinin daha geniş yaşıl və dayanıqlı inkişaf strategiyasının tərkib hissəsi kimi nəzərdən keçirilməsi xüsusi əhəmiyyət daşıyır. Minalarla çirklənmiş ərazilərə investisiya yatırılması üçün ilk və əsas şərt mina təmizlənməsidir. Mina təmizlənməsi davamlı iqtisadi inkişafın, rifahın və sülhün təmin olunması üçün mühüm katalizator kimi qəbul edilməlidir.
Biz birlikdə bu mühüm məqsədlərə nail olmaq üçün fəaliyyətimizi davam etdirməyə sadiqik”, -deyə Aİ rəsmisi əlavə edib.
Nigar Həsənli
Musavat.com