AZ

ABŞ, Dövlət Departamenti Ukraynaya “Hawk” raket sistemlərinin tədarükünü təsdiqləyib

Bakı, 22 may, AZƏRTAC

ABŞ Dövlət Departamenti cümə axşamı günü biyan edib ki, Ukraynaya 108,1 milyon dollarlıq “Hawk” raket sistemlərinin tədarükünün mümkünlüyünü təsdiqləyib.

AZƏRTAC Amerika mediasına istinadla xəbər verir ki, bununla yanaşı, ABŞ Konqresi də Ukraynaya “FrankenSAM HAWK” raket sistemləri üçün quraşdırıla bilən dirək qoşquları, əsas modifikasiyalar və texniki dəstəyi təsdiqləyib, həmçinin ehtiyat hissələri, istehlak materialları, aksesuar təminatına, habelə təmir, podratçısı mühəndislik, texniki və logistika xidmətlərinə razılıq verib.

Dövlət Departamenti bildirib ki, təklif olunan satış Avropada siyasi və iqtisadi sabitliyə töhfə verən tərəfdaş qismində qəbul etdiyi Ukraynanın təhlükəsizliyini artırmaqla yanaşı, həm də ABŞ-nin xarici siyasətini və milli təhlükəsizlik məqsədlərini dəstəkləyir.

Bildirilir ki, paket özünümüdafiə və regional təhlükəsizlik missiyaları üçün inteqrasiya olunmuş hava hücumundan müdafiə imkanlarını gücləndirməklə Ukraynanın mövcud və gələcək təhdidlərə qarşı mübarizə qabiliyyətini artıracaq.

ABŞ Dövlət Departamenti əlavə edib ki, Ukrayna avadanlıq və xidmətləri silahlı qüvvələrinə həvalə etməkdə heç bir çətinlik çəkməyəcək, bu tədarük regionda əsas hərbi balansı dəyişdirməyəcək.

Proqramın əsas podratçısı Kolorado ştatının İnqlvud şəhərində yerləşən “Sierra Nevada” korporasiyasıdır.

Dövlət Departamenti təklif olunan satışın ABŞ-nin müdafiə hazırlığına heç bir mənfi təsir göstərməyəcəyini bildirib.

 

Seçilən
22
3
azertag.az

4Mənbələr