AZ

"Ən təhlükəli və diqqət tələb edən problemlərdən biri də kibertəzyiqdir" - Könül Axundova

İctimai həyatın bütün sahələrində informasiya-kommunikasiya texnologiyalarından geniş şəkildə istifadə olunur. Pedaqoji, tibb, memarlıq, mühasibatlıq və s. sahələrdə informasiya-kommunikasiya texnologiyalarından istifadə edilmədən yüksək peşəkarlıqla fəaliyyət göstərilməsi mümkün deyil. Xüsusilə də, qeyd olunmalıdır ki, ölkəmizdə informasiya-kommunikasiya texnologiyalarının tətbiqi üçün dövlət səviyyəsində bütün zəruri şərait yaradılmışdır.

Bunun bariz nümunəsidir ki, Respublikamızda təkcə 2024-cü ildə ölkə əhalisinin 83,1%-i kompüterdən istifadə edir ki, onun 27,5%-i 24 yaşınadək olan şəxslər təşkil edir. İnternetdən isə ölkə əhalisinin 90,8%-i istifadə edir ki, onun 20,8%-i 24 yaşınadək olan şəxslər təşkil edir. Mobil telefondan isə ölkə əhalisinin 93,1%-i istifadə edir (Bax: https://www.stat.gov.az/source/digital_development/). Aparılan təhlillər ilk növbədə ölkəmizdə internet, kompüter və mobil telefon əlçatanlığını təsdiq edir. Təbii ki, bu, müsbət və təqdirəlayiq hal olaraq qəbul edilir. Çünki, dövlətimiz Azərbaycan gəncinin müasir dövrün çağırışlarına cavab verəcək şəkildə tərbiyə olunmasını, formalaşmasını təmin etməkdən ötrü bütün mümkün müasir üsul və vasitələrdən istifadə edir. Bunun üçün isə hər birimiz, o cümlədən uşaqlarımız, gənclərimiz də rəqəmsal texnologiyalardan sərbəst və məqsədyönlü şəkildə istifadə etmək bacarığına malik olmalıdır.

Aparılan araşdırmalar əsasında o da müəyyən olunmuşdur ki, ölkə əhalisinin 39,5% ünsiyyət, vətəndaş iştirakçılığı, əməkdaşlıq, 39,9%-i əyləncə, rəqəmsal kontentdən istifadə məqsədləri ilə internetdən istifadə edir (Bax: https://www.stat.gov.az/source/digital_development/). Bizim hər birimizi narahat etməli olan əsas məsələ məhz budur. Çünki, rəqəmsal texnologiyalardan məqsədyönlü şəkildə, özünüinkişaf və müvafiq məlumatların əldə edilməsi məqsədi ilə asudə vaxtlarda istifadə edilməlidir. Lakin rəqəmsal texnologiyalara həddindən artıq insanın, xüsusilə də uşaqların aludə olması gələcəkdə nəinki onlardan istifadə edən şəxsə, hətta həmin şəxsin ətrafında olan insanlara neqativ təsirlərini göstərəcək, nəticələrini aradan qaldırılması mümkün olmayan fəsadlara gətirib çıxaracaqdır.

Neqativ təzahürlərdən biri də sosiofobiyadır. Sosiofobiya latın sözü olub, mənası “socius” - ümumi, birlik deməkdir, ictimai yerlərdə çıxış etmək, başqa insanlar qarşısında öz fikrini bildirməkdən çəkinən insanlara aiddir. Sosiofobiya insanın cəmiyyət içində özünü narahat hiss etməsi, başqalarının onu pis qiymətləndirəcəyindən və ya tənqid edəcəyindən qorxması ilə bağlı psixoloji vəziyyətdir (Bax: Social Phobia: Clinical and Research Perspectives. Richard G. Heimberg, Michael R. Liebowitz, Debra A. Hope, Franklin R. Schneier. The Guilford Press (New York), 1995. səh. 11–13). Rəqəmsal dövrdə bu problem bir qədər fərqli formada ortaya çıxır. İnsanlar sosial şəbəkələr və virtual platformalar vasitəsilə ünsiyyət quranda özlərini daha rahat hiss edirlər. Çünki, canlı ünsiyyətdə olan həyəcan və gərginlik virtual mühitdə daha az olur və yaxud ümumiyyətlə olmur. İnsanların zamanla real ünsiyyətdən uzaqlaşaraq virtual mühitə bağlanması tendensiyasına bu gün bizim cəmiyyətimizdə də tez-tez rast gəlinir. Dediklərimizə misal olaraq rəqəmsal platformaları göstərmək olar.

Sosiofobiyası olan insanlar üçün rəqəmsal platformalar daha rahat görünən və onların istəklərini ifadə edən bir mühiti yaradır. Çünki real həyatda insan ünsiyyətdə olarkən bəzən hər hansı məsələyə dərhal reaksiya verməli, mövqeyini bildirməli və ya mövqeyini əsaslandırmalı olur. Halbuki, virtual mühitdə belə hallara ümumiyyətlə rast gəlinmir. Başqa sözlə desək, virtual aləmdə insan yazmış olduğu mətni dəyişə bilər və ya silə bilər, habelə verilən sualın cavabını gecikdirə bilər və yaxud hər hansı məsələ ilə bağlı öz hisslərini gizlədə bilər. Bu səbəbdəndir ki, sosial şəbəkələrdə ünsiyyət bir çox insanlar üçün böyük maraq kəsb edir. Belə bir hal bir tərəfdən müsbət görünsə də, digər tərəfdən müəyyən problemlərin yaranmasına gətirib çıxara bilər. İnsan canlı ünsiyyətdən uzaqlaşdıqca, qorxduğu situasiyalardan qaçdıqca düşünür ki, qısa müddətlik rahatlıq tapır. Halbuki, bu qorxu zamanla daha da artır, sosial şəbəkələr isə bu vəziyyətin daha da güclənməsinə səbəb olur.

Amerikalı sosial psixoloq Leon Festinger tərəfindən irəli sürülən “Sosial müqayisə nəzəriyyəsi”nə görə insan özünü qiymətləndirmək üçün başqaları ilə müqayisə aparmağa meyllidir. Sosial media bu müqayisəni fasiləsiz və intensiv prosesə çevirmişdir. İnsan hər gün yüzlərlə “ideal həyat görüntüsü” ilə qarşılaşır. Bu isə xüsusilə yeniyetmələrdə özündən narazılıq, sosial təşviş və emosional gərginlik yaradır. Bir sıra beynəlxalq tədqiqatlarda sosial mediadan intensiv istifadənin depressiya, tənhalıq hissi və özünəinamın aşağı səviyyədə olması ilə əlaqəli olduğu qeyd edilir. Pensilvaniya Universitetinin tədqiqatçıları aparılan araşdırmalar əsasındaı sosial media istifadəsinin məhdudlaşdırılmasının emosional vəziyyətə müsbət təsir göstərə biləcəyini sübuta yetirmişlər. Tədqiqatçıların fikrincə, sosial media platformaları (Facebook, Instagram) istifadəçiləri davamlı olaraq yuxarıya doğru sosial müqayisəyə (upward social comparison) məruz qoyur. İnsanlar başqalarının yalnız "mükəmməl" anlarını görür və öz reallıqları ilə müqayisə edərək emosional gərginlik keçirirlər (Bax: No More FOMO: Limiting Social Media Decreases Loneliness and Depression. Melissa G. Hunt, Rachel Marx, Courtney Lipson, and Jordyn Young . Journal of Social and Clinical Psychology. 2018, december. Volume 37, Number 10. səh. 751–768. səh. 754—756).

Psixoloqlar hesab edirlər ki, insan daim çoxlu məlumat axını ilə qarşılaşanda diqqətini uzun müddət bir mövzu üzərində saxlamaq onun üçün çətin olur. Bu gün uşaqlar və yeniyetmələr məlumatı çox sürətli qəbul edirlər, amma dərin düşünmək, məntiqi əlaqələr qurmaq və məsələləri ətraflı təhlil etməkdə daha çox çətinlik yaşayırlar. Bu o deməkdir ki, rəqəmsal mühit insanın düşüncə tərzinə də təsir edir. Əvvəllər kitab oxumaq və ənənəvi öyrənmə üsulları insanı mövzunu sistemli şəkildə düşünməyə və nəticə çıxarmağa imkan verirdi. Bu gün isə məlumatlar daha qısa və parçalanmış formada təqdim olunur. Buna görə də, insanlar informasiyanı tez qəbul etsələr də, onu dərindən düşünmək və uzun müddət yadda saxlamaq onlar üçün çətin olur. Sözügedən məsələyə münasibətini bildirən Nikolas Karr hesab edir ki, internetdə keçidlərdən (hyperlinks) və qısa mətnlərdən ibarət davamlı məlumat axını beynin "işçi yaddaşını" (working memory) həddindən artıq yükləyir. Nəticədə, insan diqqətini uzun müddət bir nöqtəyə cəmləyə bilmir (Nicholas Carr. The Shallows: What the Internet Is Doing to Our Brains. W. W. Norton & Company, 2010. Səh. 116–118). Apardığı araşdırmalar əsasında müəllif haqlı olaraq qeyd edir ki, ənənəvi kitab oxuma prosesi xətti və sistemli düşüncəni tələb edirdisə, rəqəmsal mühit beyni məlumatı fraqmentlər (parçalar) halında qəbul etməyə alışdırır (Nicholas Carr. The Shallows: What the Internet Is Doing to Our Brains. W. W. Norton & Company, 2010. Səh. 120–122).

Rəqəmsal texnologiyalardan istifadə zamanı ən təhlükəli və diqqət tələb edən problemlərdən biri də kibertəzyiqdir. UNICEF və ÜST tərəfindən yayımlanan hesabatlarda qeyd olunur ki, kibertəzyiqə məruz qalan uşaqlarda depressiya, sosial təşviş, yuxu pozuntuları və özünəinam zəifliyi daha yüksək səviyyədə müşahidə olunur. Uzunmüddətli virtual zorakılıq uşağın daxili mənlik strukturuna təsir edir və onda “mən qəbul olunmuram” və ya “mən yetərli deyiləm” kimi destruktiv düşüncə modelləri formalaşdıra bilir.

Beləliklə, rəqəmsal texnologiyalar təkcə bir alət deyil, həm də insanların psixologiyasına təsir edən bir mühitdir. Lakin bu o demək deyil ki, uşaqlarımızı, övladlarımızı, gənclərimizin rəqəmsal texnologiyalardan istifadəsini məhdudlaşdırmaq lazımdır. Buna nail olmaq belə, mümkün deyildir. Ona görə ki, istənilən halda hər bir uşaq, gənc dostları ilə rəqəmsal texnologiyalar vasitəsilə ünsiyyətdə olur, məktəb tapşırıqlarının icrasında rəqəmsal texnologiyalardan istifadə edir.

Fikrimizcə, uşaqların rəqəmsal texnologiyalardan istifadəsinə aludəçiliyinin qarşısının alınması məqsədi ilə konkret, birmənalı xarakter daşıyan qadağalar qoyulmamalıdır. Əksinə, rəqəmsal texnologiyalardan istifadə qaydaları müəyyən olunmalıdır və bu qaydalara ciddi şəkildə əməl olunmasına nəzarət edilməlidir. Məsələn, burada qaydalar müəyyənləşdirərək gün ərzində məktəb tapşırıqlarını yerinə yetirdikdən sonra uşağın mobil telefondan müəyyən saat çərçivəsində istifadə etməsinə yol verilə bilər. Digər tərəfdən, əgər uşağın mobil telefona aludə olmaq təhlükəsi varsa, bu halda telefonu onun əlindən almaq ilə problem aradan qalxmış hesab oluna bilməz. Çünki, boşluq yaranmaması üçün telefonu əvəzləyəcək və uşağın marağına səbəb olacaq nəsə verilməlidir. Belə halda biz övladlarımızı, gənclərimizi rəqəmsal texnologiyaya aludə olmasının qarşısını almış olarıq.

Nəticə olaraq bildirmək istəyirəm ki, uşağın rəqəmsal texnologiyalara aludə olmasının qarşısının alınmsında yalnız qadağalar deyil, şüurlu və nümunəvi valideyn davranışı da təsirli amil kimi çıxış edir. Çünki uşaq özünə qarşı ailədə lazımi qayğını və münasibəti görmədikdə, ailə sevgisini, qayğısını  rəqəmsal texnologiyalar ilə əvəzləyir. Əgər ailədə uşaq və valideyn arasında qarşılıqlı etimad, onlar arasında açıq dialoqun aparılması mühiti formalaşmışsa, onda bu sosiofobiyanın yaranma ehtimalını nəinki azaldır, hətta onu tamamilə aradan qaldırır və uşağın psixoloji dayanaqlığını daha da artırır. Bu, o deməkdir ki, rəqəmsal texnologiyaların hökmranlıq etdiyi bir dövrdə valideyn yalnız nəzarət funksiyasını yerinə yetirmək ilə kifayətlənməli deyil, həm də uşağın psixoloji dayanaqlığının artırılmasına, onun sosial və emosional inkişafına istiqamətlənən strateji tərbiyə missiyasına xüsusi önəm verməlidir.    

Könül Axundova

Suraxanı Rayon İcra Hakimiyyəti başçısının müavini,

Suraxanı Rayon İcra Hakimiyyəti başçısı yanında Məişət zorakılığının qarşısının alınması sahəsində monitorinq və əlaqələndirmə qrupunun sədri

Seçilən
3
1
unikal.az

2Mənbələr