AZ

Qlobal şəhərsalma xəritəsində Bakı imzası – Nahid Canbaxışlı Yazır

Mayın 17-dən 22-dək Bakı növbəti dəfə dünya ictimaiyyətinin diqqət mərkəzində oldu. Azərbaycan paytaxtı Birləşmiş Millətlər Təşkilatının Məskunlaşma Proqramı (UN-Habitat) tərəfindən təşkil olunan və urbanistika sahəsində dünyanın ən böyük qeyri-siyasi tədbiri hesab ediləXIII Ümumdünya Şəhərsalma Forumuna (WUF13) ev sahibliyi etdi.

Cənab Prezidentin forumda qeyd etdiyi kimi, Azərbaycanın bu qlobal tədbirə ev sahibliyi etməsi ölkəmizin dayanıqlı inkişaf modelinə olan beynəlxalq etimadın göstəricisidir. Dövlət başçımızın şəhərlərin inklüzivliyi, iqlim dəyişikliyi ilə mübarizə və ‘yaşıl enerji’ keçidi ilə bağlı irəli sürdüyü vizyon, təkcə milli deyil, həm də qlobal şəhərsalma siyasəti üçün yol xəritəsi mahiyyəti daşıyır. Bu mesajlar bir daha təsdiqləyir ki, Azərbaycanın urbanizasiya təcrübəsi təkcə infrastruktur yenilənməsi deyil, həm də gələcək nəsillərə daha təhlükəsiz və yaşanabilir bir dünya ötürmək missiyasıdır.

Qeyd edim ki,bu ilki forum “Dünyanın mənzil təminatı: Təhlükəsiz və dayanıqlı şəhərlər və icmalar” mövzusuna həsr olunub.182 ölkədən 45 mindən çox iştirakçını bir araya gətirən tədbir, sürətlə artan qlobal əhali sayı qarşısında şəhərlərin gələcəyini müəyyən edən strateji qərarların qəbul edildiyi məkana çevrildi. Müzakirələr mənzil böhranı, qeyri-formal məskunlaşmaların transformasiyası, şəhərlərin iqlim dəyişikliyinə adaptasiyası və mənzil maliyyələşməsinin yeni modelləri kimi kritik mövzuları əhatə etdi.

Bakı üçün bu forum sadəcə genişmiqyaslı bir tədbir deyil, həm də ölkəmizin dayanıqlı şəhərsalma təcrübəsini dünya ilə bölüşmək imkanıdır. Xüsusilə işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən “Böyük Qayıdış” proqramı çərçivəsində tətbiq olunan “ağıllı şəhər” və “yaşıl enerji” layihələri, Azərbaycanın müasir urbanizasiya çağırışlarına verdiyi orijinal cavab kimi forum iştirakçıları tərəfindən maraqla qarşılandı. Azərbaycan  tədbirə ev sahibliyi etməklə ölkəmizin qlobal qərarların qəbul edildiyi etibarlı mərkəz statusunu bir daha təsdiqlədi. Qeyd etmək lazəmdır ki, qabaqcıl  memarlar, şəhərsalma mütəxəssisləri və beynəlxalq qurumlarla birbaşa əməkdaşlıq ölkəmizin urbanistika sahəsindəki potensialını və infrastruktur inkişafını növbəti mərhələyə daşıyır. Xüsusi olaraq forum çərçivəsində qəbul edilən “Bakı Çağırışı” (Baku Call to Action) sənədi BMT-nin “Yeni Şəhər Gündəliyi”nin icrası üçün vacib bir istinad nöqtəsi olacaq və gələcək illərdə qlobal şəhər siyasətlərinə yön verəcək. 

 Azərbaycan Respublikası Prezidentinin köməkçisi- Prezidentin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin forumdakı çıxışınada vurğuladığı kimi, şəhərlərimizin dayanıqlı inkişafı təkcə daxili inkişaf layihəsi deyil, həm də qlobal şəbəkələşmənin vacib bir həlqəsidir. Forum çərçivəsində Hikmət Hacıyevin şəhərsalma siyasətimizin beynəlxalq müstəvidə təqdimatı və urbanizasiya çağırışlarının siyasi-diplomatik aspektlərinə dair yanaşması olduqca əhəmiyyətlidir. Onun vurğuladığı kimi, Bu dəqiq və praqmatik baxış, Azərbaycanın şəhərsalma sahəsindəki təcrübəsinin beynəlxalq ictimaiyyət üçün niyə bir model olduğunu açıq şəkildə ortaya qoyur.

Bütövlükdə, WUF13 Bakının təkcə Şərq və Qərbin qovşağında yerləşən mədəni mərkəz deyil, həm də qlobal inkişaf problemlərinə praktik həllər təklif edən mühüm bir strateji tərəfdaş olduğunu dünyaya nümayiş etdirdi. Bakı bu gün dayanıqlı, yaşıl və daha inklüziv gələcəyə gedən yolda dünyanın şəhərsalma xəritəsinə öz imzasını atdı.

Seçilən
12
31
veteninfo.az

10Mənbələr