AZ

Rossbax: Qadın qətllərinin 60%-i ailə üzvləri tərəfindən törədilib

Mənzil siyasətində mövcud gender bərabərsizliyi praktikada qadınların geridə qalmasına səbəb olan güc balanssızlığını daha da möhkəmləndirir. Bunu BMT İnsan Məskənləri Proqramının (UN-Habitat) icraçı direktoru Anaclaudia Rossbax bildirib.

Rossbax qeyd edib ki, adekvat mənzilin olmaması qadınların məişət zorakılığı riskini artırır, çünki onların təhlükəsiz sığınacaq tapmaq imkanları məhdud olur.

“2024-cü ildə dünyada qadın və qızların qeydə alınmış qətllərinin 60 faizi intim partnyorlar və ya ailə üzvləri tərəfindən törədilib. Bu risk xüsusilə böhran vəziyyətlərində daha da artır”, – o deyib.

UN-Habitat rəhbərinin sözlərinə görə, genderə həssas siyasətlər mövcud olsa belə, onlar çox vaxt ən həssas qruplara aid qadınlara çatmır. Buraya qeyri-rəsmi yaşayış məntəqələrində yaşayan qadınlar, yerli icmaların nümayəndələri, əlilliyi olan qadınlar, post-böhran şəraitində yaşayan qadınlar və trans qadınlar daxildir.

Rossbax bildirib ki, UN-Habitat-ın 2026–2029-cu illər üzrə strateji planında “hamı üçün adekvat mənzil” əsas prioritet kimi müəyyən edilib və burada gender bərabərliyi ilə qadın və qızların səlahiyyətləndirilməsinə xüsusi diqqət ayrılıb.

O vurğulayıb ki, qadınlar yalnız mənzil siyasətinin benefisiarı deyil, həm də qərarvermə prosesinin iştirakçısı olmalıdır.


“Qadın merlər, qadın nazirlər, qadın qubernatorlar mənzil siyasətinin formalaşdırılmasında iştirak etməlidirlər”, - Rossbax əlavə edib.

O qeyd edib ki, UN-Habitat qadın və qızların iştirakını gücləndirən çoxsəviyyəli və iştirakçı idarəetmə mexanizmlərinə xüsusi önəm verir.

Rossbax həmçinin bildirib ki, Yeni Şəhər Gündəliyinin 50 illiyi və SDG11 üzrə aralıq icmal fonunda, 2030-cu il Dayanıqlı İnkişaf Məqsədlərinə çatmağa cəmi üç il yarım vaxt qalır və bu dövrdə inklüziv mənzil siyasəti əsas prioritetlərdən biri olmalıdır.

Gülnar Nazimqızı 

Seçilən
3
anews.az

1Mənbələr