AZ

Səfir: Avropa İttifaqı minatəmizləmə prosesinə kömək etməyə hazırdır

İki gün əvvəl Qarabağda oldum. Orada müharibənin dağıdıcı nəticələrini gördüm. Amma eyni zamanda fürsətləri də gördüm.

APA xəbər verir ki, bunu WUF13 çərçivəsində keçirilən “Münaqişədən Sonrakı Şəhər Yenidənqurması: Humanitar Mina Təmizləmə Fəaliyyətinin Həlledici Rolu” adlı tədbirdə Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Mariyana Kuyundziç deyib.

Səfir Qarabağda nələrin tikildiyini, hansı işlərin görüldüyünü, həyatın necə geri döndüyünü müşahidə etdiyini vurğulayıb:

“Həyatın geri qayıtması asan proses deyil. Minatəmizləmə çox uzun prosesdir. Amma bu iş görülməlidir və Avropa İttifaqı bu sahədə kömək etməyə hazırdır. Azərbaycanın öz minatəmizləmə səyləri ilə yanaşı, Aİ də öz dəstəyini göstərir. Burada söhbət yalnız Aİ-dən getmir. İki il əvvəl Avropa Komandası yanaşması qəbul edildi. Bu Aİ fondları, üzv dövlətlərin fondları, Avropa maliyyə institutlarının resursları vasitəsilə Azərbaycana dəstək göstərilməsi deməkdir. Aİ məcburi köçkünlərin təhlükəsiz, ləyaqətli və könüllü geri dönüşü üçün şərait yaradır. Eyni zamanda insanların təbii resurslara təhlükəsiz çıxışını təmin etməyə çalışır".

O bildirib ki, Aİ-nin mina fəaliyyəti sahəsində işi institusional potensialın gücləndirilməsi, partlayıcı sursatların zərərsizləşdirilməsi üzrə təlimlər, mina təhlükəsi ilə bağlı maarifləndirmə, mina qurbanlarına yardım, texniki olmayan tədqiqatları əhatə edir: “Aİ həmçinin gender yanaşmasını da bu sahəyə daxil etməyə çalışır. Bu çərçivədə Azərbaycanda ilk qadın minatəmizləmə komandasının yaradılmasına dəstək verilib. Aİ burada başqa layihələr də həyata keçirib”.

Seçilən
26
2
apa.az

3Mənbələr