Bildiyimiz kimi, hazırda 11-ci sinif abituriyentləri buraxılış imtahanlarını geridə qoyaraq blok imtahanlarına hazırlaşırlar. Hər bir gəncin ürəyində isə bir peşə arzusu, gələcəklə bağlı müəyyən hədəflər var. Kimi həkim olmaq, kimi müəllimlik etmək, kimi isə texnologiya və xarici dillər sahəsində uğur qazanmaq istəyir. Bəziləri uşaqlıq arzularının arxasınca gedir, bəziləri isə dövrün tələblərinə uyğun peşə seçməyə çalışır.
Redaktor.az olaraq paytaxt sakinləri arasında sorğu keçirərək abituriyentlərin hansı ixtisasları seçmək istədiklərini öyrəndik.
4-cü qrupa hazırlaşan Bahar bildirdi ki, uşaqlıqdan ən böyük arzusu həkim olmaqdır: “İxtisas olaraq müalicə işini istəyirəm. Buraxılış balım yaxşıdır, amma alınmasa, stomatologiyanı da seçə bilərəm”.
1-ci qrupa hazırlaşan Elmir isə gələcəyini informasiya texnologiyaları sahəsində görür: “Kompüter sahəsi üzrə oxumaq istəyirəm. Yaxşı İT mütəxəssisi olmaq əsas hədəfimdir”.
3-cü qrupa hazırlaşan İlahə uşaqlıqdan yapon mədəniyyətinə maraq göstərdiyini dedi: “Yaponları, onların mədəniyyətini həmişə sevmişəm. Yapon dili üzrə regionşünaslıq ixtisasına hazırlaşıram. Gələcəkdə Yaponiyaya gedib orada ikinci təhsil almaq istəyirəm”.
2-ci qrupa hazırlaşan Əli isə hələ konkret seçim etmədiyini söylədi: “Düzünü desəm, hələ ixtisas seçməmişəm. Balım hara uyğun gəlsə, yəqin ki, həmin ixtisası yazacam”.
1-ci qrupa hazırlaşan Əsmər müasir dövrün tələblərinə uyğun seçim etdiyini vurğuladı: “Süni intellekt sahəsi üzrə oxumaq istəyirəm. Düşünürəm ki, gələcəyin ən vacib sahələrindən biridir”.
Müəllim olmaq arzusunda olan Rəfiqə isə artıq bu fikrindən uzaqlaşdığını dedi: “Müəllimləri o qədər yorub və sıxıblar ki, artıq müəllim olmaq istəmirəm. Baxacam, balıma uyğun hansı ixtisas olsa, onu seçəcəm”.
Memarlıq ixtisasına hazırlaşan Nigar qeyd etdi ki, yaradıcı sahələrə marağı böyükdür: “Kiçik yaşlarımdan rəsm çəkməyi sevmişəm. Ona görə memarlıq və dizayn sahəsində oxumaq istəyirəm”.
Maliyyə sahəsinə hazırlaşan Tural isə gələcəyini biznes istiqamətində görür: “İqtisadiyyat və maliyyə sahəsinə marağım var. Gələcəkdə öz biznesimi qurmaq istəyirəm”.
NURİYYƏ