Rusiya Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti(Rosselxoznadzor) bu gündən etibarən Ermənistandan Rusiyaya gül idxalına qadağa tətbiq edib.
Musavat.com Xidmətin saytında yerləşdirilən məlumata istinadən xəbər verir ki, qadağa istixana yoxlaması başa çatana və nəticələr təhlil edilənə qədər qüvvədə qalacaq. Qərar Rusiyanın fitosanitar təhlükəsizliyini və ixrac potensialını qorumaq məqsədi ilə əsaslandırılır: "Ermənistan Qida Təhlükəsizliyi Müfəttişliyinin verdiyi zəmanətlərə baxmayaraq, Avrasiya İqtisadi Birliyi üçün karantin növlərinin aşkarlanması davam edir. İdxal edilən 96,2 milyon gül məhsulunda 135 belə hal qeydə alınıb. Bu, 2025-ci il ərzində aşkarlanan ümumi sayın 77 faizini təşkil edir".
Ötən həftə Rosselxoznadzor-un xidmət rəhbəri Sergey Dankvert Ermənistanın qida təhlükəsizliyi müfəttişliyinin rəhbəri Tiqran Petrosyanla danışıqlardan sonra elan edib ki, qurum Ermənistandakı bitkiçilik müəssisələrini yoxlamağı planlaşdırır. Yoxlamanın məqsədi kimi isə həqiqətən Ermənistan istehsalı olan və fitosanitar cəhətdən təhlükəsiz məhsulların Rusiyaya daxil olmasını təmin etmək göstərilir.
Qeyd edək ki, Rosselxoznadzor Rusiya hakimiyyətinin ticarət tərəfdaşları olan ölkələr üçün əsas siyasi təzyiq alətlərindən biridir. Adətən Rusiya hansısa ölkəyə siyasi təzyiqlərdə bu qurumun xidmətlərindən geniş istifadə edir. Ermənistandan gül idxalına qadağa bu təcrübədən irəli gələrək, 7 iyunda bu ölkədə keçiriləcək parlament seçkiləri ərəfəsində İrəvan hakimiyyətinə təzyiq vasitəsi hesab olunur.
Musavat.com