AZ

Artan maraq, az imkan: Küçə idmanları üçün şərait yetərli deyil

Azərbaycanda son illərdə skeytbordinq və BMX kimi küçə idman növlərinə maraq artsa da, gənclər bu sahədə ciddi infrastruktur problemlərinin olduğunu deyirlər. Xüsusilə, skate parklarının azlığı, mövcud parkların isə peşəkar standartlara uyğun olmaması sosial şəbəkələrdə tez-tez müzakirə edilir. Gənclərin sözlərinə görə, bəzi parklar yalnız “simvolik məkan” təsiri bağışlayır, təhlükəsizlik, müxtəlif avadanlıqlar və məşq imkanları baxımından kifayət qədər zəifdir. Bu səbəbdən bir çox skeyter və ekstremal idman həvəskarı küçələrdə və ya uyğun olmayan ərazilərdə məşq etməyə məcbur qalır. 

 “Gəncliyin Təşəbbüsü” maarifləndirmə İctimai Birliyinin təsisçisi və sədri Azər Əliyev QHT.az-a açıqlamasında bildirib ki, Azərbaycanda son illərdə skeytbordinq, BMX və digər küçə idman növlərinə marağın artması sevindirici haldır. Bu, gənclərin sağlam həyat tərzinə, aktiv sosial fəaliyyətə və alternativ idman mədəniyyətinə maraq göstərdiyini nümayiş etdirir. Lakin reallıq ondan ibarətdir ki, bu marağın inkişafı üçün uyğun infrastruktur hələ də yetərli səviyyədə deyil.

O öz sözlərində vurğulayıb ki, hazırda ölkədə mövcud olan skate parklarının sayı azdır və bir çoxu peşəkar standartlara tam cavab vermir. Xüsusilə, regionlarda yaşayan gənclərin bu imkanlara çıxışı daha məhduddur. Bəzi məkanlar sadəcə görüntü xarakteri daşıyır, təhlükəsizlik, avadanlıq keyfiyyəti və müxtəlif məşq elementləri baxımından çatışmazlıqlar mövcuddur. Nəticədə, gənclər küçələrdə və ya təhlükəli ərazilərdə məşq etməyə məcbur qalırlar.

Bununla yanaşı Azər Əliyev qeyd edib ki, dövlətimiz hər zaman gənclərin inkişafına və onların asudə vaxtının səmərəli təşkilinə xüsusi diqqət göstərir. Son illərdə ölkəmizdə idman infrastrukturlarının genişləndirilməsi, gənclərlə bağlı dövlət proqramlarının həyata keçirilməsi və yeni idman məkanlarının yaradılması bunun bariz nümunəsidir. Hesab edirik ki, küçə idman növlərinə marağın artması fonunda gələcəkdə bu istiqamətdə də daha geniş addımlar atılacaq.

Müsahib Azər Əliyev bildirib ki, Gəncliyin Təşəbbüsü Maarifləndirmə İctimai Birliyi olaraq düşünürük ki, küçə idman növlərinə yanaşma dəyişməlidir. Bu sahə artıq sadəcə hobbi deyil, dünya miqyasında inkişaf edən idman və gənclik mədəniyyətidir. Dövlət qurumları, bələdiyyələr və özəl sektor əməkdaşlıq edərək həm Bakıda, həm də regionlarda müasir skate parklarının yaradılmasına diqqət ayırmalıdır. Bu cür məkanlar yalnız idman üçün deyil, həm də gənclərin sosiallaşması, asudə vaxtının səmərəli təşkili və zərərli vərdişlərdən uzaq qalması üçün vacibdir.

Son olaraq o qəyd edib ki, təşkilat olaraq gələcək layihələrimizdən birini məhz küçə idman növləri və gənclərin bu sahədə maarifləndirilməsi istiqamətində həyata keçirməyi düşünürük. Məqsədimiz region gənclərinin bu sahəyə marağını artırmaq, onların təhlükəsiz və sağlam mühitdə inkişafına dəstək olmaqdır.

Piranə Xasiyeva

Seçilən
3
qht.az

1Mənbələr