AZ

“Samsung” səhmləri həmkarlar ittifaqının tətili dayandırmaq qərarından sonra 8,5% bahalaşıb

“Samsung Electronics”in səhmləri mayın 21-də Seul birjasında keçirilən ticarət zamanı 8,5% artıb. Ticarətin bağlanışı zamanı səhmlərin qiyməti 299 500 von (198,4 dollar) təşkil edib.

“Samsung”un kotirovkaları şirkətin həmkarlar ittifaqının mayın 21-nə planlaşdırılan tətili dayandırmaq qərarını açıqlamasından sonra kəskin yüksəlib. Tərəflər əməkhaqqı ilə bağlı ilkin razılıq əldə ediblər: həmkarlar ittifaqı mayın 23-dən 28-dək bu razılaşma üzrə səsvermə keçirəcək. “Reuters”in məlumatına görə, “Samsung” bonus ödənişləri ilə bağlı məhdudiyyətləri ləğv etməyə, onları əməliyyat mənfəəti ilə əlaqələndirməyə və dəyişiklikləri rəsmi şəkildə təsbit etməyə razılaşıb.

Şirkət həmçinin çip istehsalı bölməsinin əməkdaşları üçün əməliyyat mənfəətinin təxminən 10,5%-ni bonuslara ayıracaq. Bu bonuslar ən azı on il ərzində “Samsung” səhmləri formasında ödəniləcək. Bonusların əldə olunması üçün çip bölməsi 2026–2028-ci illərdə illik 200 trilyon vondan (133,58 milyard dollar), 2029–2035-ci illərdə isə 100 trilyon vondan (66,2 milyard dollar) çox əməliyyat mənfəəti əldə etməlidir. “Samsung” razılaşmanın detalları ilə bağlı şərh verməkdən imtina edib.

CNBC qeyd edir ki, “Samsung”un tətilin qarşısını alması bazarda çip istehsalçısının fəaliyyətində mümkün fasilələrlə bağlı narahatlıqları azaldıb. Şirkət səhmlərinin artımına həmçinin “Nvidia”nın güclü rüblük hesabatından sonra yarımkeçirici sektorundakı optimizm də dəstək verib. Baş nazir Kim Min Seokun vurğuladığı kimi, “Samsung” Cənubi Koreya ixracının təxminən 23%-ni və ölkənin ümumi bazar kapitallaşmasının 26%-ni təşkil edir. O, tətilin mümkün iqtisadi zərərini 100 trilyon von (66,2 milyard dollar) həcmində qiymətləndirmişdi.

Seçilən
21
banker.az

1Mənbələr