2021-ci ildə mina fəaliyyəti ilə bağlı işlərə təxminən 500 milyon ABŞ dolları ayrılıb və bunun 96%-i Azərbaycan hökuməti tərəfindən maliyyələşdirilib.
APA xəbər verir ki, bunu WUF13 çərçivəsində keçirilən “Münaqişədən Sonrakı Şəhər Yenidənqurması: Humanitar Mina Təmizləmə Fəaliyyətinin Həlledici Rolu” adlı tədbirdə ANAMA sədri Vüqar Süleymanov deyib.
O qeyd edib ki, bufakt Azərbaycanın təhlükəsiz bərpa, yenidənqurma və inkişafın təmin olunmasına sadiqliyini aydın şəkildə nümayiş etdirir: “Minatəmizləmə fəaliyyəti yalnız insanların həyatını xilas etmir, eyni zamanda bərpa və yenidənqurmanın əsasını təşkil edir. Bu proses evlərin yenidən tikilməsi, infrastrukturun bərpası, kənd təsərrüfatının canlandırılması, nəqliyyat şəbəkələrinin inkişafı və iqtisadi fəaliyyətin dəstəklənməsi üçün zəruri şərait yaradır. Ən vacibi isə insanların doğma yurdlarına təhlükəsiz şəkildə qayıtmasına və həyatlarını yenidən qurmasına imkan verir”.
ANAMA sədri bildirib ki, son illərdə Azərbaycan humanitar minatəmizləmə fəaliyyətini ölkənin daha geniş bərpa prioritetləri ilə əlaqələndirmək istiqamətində geniş işlər həyata keçirib:
“Bu çərçivədə hazırlanmış dövlət proqramı minatəmizləmə fəaliyyətini şəhərsalma, yenidənqurma və inkişaf prosesləri ilə birbaşa inteqrasiya edir. Ümumilikdə, 2020-ci ildən etibarən Azərbaycan hökuməti tərəfindən mülki sahədə tikinti və bərpa işlərinə təxminən 15 milyard ABŞ dolları ayrılıb. Ərazilər minalardan təmizlənmədən tikinti və hərəkətlilik mümkün deyil. Təhlükəsizlik təmin olunmadan insanların geri dönüşü baş tuta bilməz. Əlçatan və təhlükəsiz torpaq olmadan isə dayanıqlı inkişafdan danışmaq mümkün deyil. Bu, bugünkü müzakirənin əsas mesajıdır. Təhlükəsiz və dayanıqlı bərpa təhlükəsiz torpaqdan başlayır.
Humanitar minatəmizləmə fəaliyyəti çirklənmiş əraziləri yenidənqurma, geri dönüş və ölkənin dayanıqlı inkişafı üçün imkanlara çevirir. Lakin bu çağırış yalnız Azərbaycana məxsus deyil. Dünyanın bir çox ölkələri oxşar problemlərlə üzləşir və mina çirklənməsi bərpa prosesini gecikdirməyə davam edir, mülki əhali isə risk altında qalır”.