AZ

ABŞ-ın ən yaşlı aviadaşıyıcısı qəfildən Karib dənizində göründü: Nə baş verib?

ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus "USS Nimitz" (CVN-68) aviadaşıyıcısı Karib hövzəsində əməliyyatlara başlayıb...

Poliqon xəbər verir ki, bu barədə Forbes yazır.

Bu, "USS Gerald R. Ford" (CVN-78) aviadaşıyıcısının Yaxın Şərqə göndərilməsindən sonra regionda fəaliyyət göstərən ilk ABŞ superaviadaşıyıcısı hesab olunur.

ABŞ-ın Cənub Komandanlığı "Nimitz" zərbə qrupunun SOUTHCOM məsuliyyət zonasına daxil olduğunu təsdiqləyib. Qrupun tərkibinə "USS Gridley" (DDG-101) esminesi və "USNS Patuxent" (T-AO-201) təminat tankeri daxildir.

Amerikalı hərbçilər bildiriblər ki, "Nimitz"in bölgədəki mövcudluğu ABŞ-ın "misilsiz uzaqmənzilli imkanlarını, zərbə gücünü və strateji üstünlüyünü" nümayiş etdirir. Pentaqon həmçinin vurğulayıb ki, gəmi Tayvan boğazından Fars körfəzinə qədər müxtəlif missiyalarda iştirak edib.

Aviadaşıyıcının Karib dənizində görünməsi ABŞ Ədliyyə Nazirliyinin Kubanın keçmiş lideri Raul Kastroya qarşı yeni ittihamlar irəli sürməsi ilə eyni vaxta təsadüf edib.

Raul Kastro və bir sıra kubalı rəsmilər 1996-cı ildə "Brothers to the Rescue" təşkilatına məxsus iki mülki Amerika təyyarəsinin vurulmasında iştirakda ittiham olunur.

Prezident Donald Tramp ittiham aktının açıqlanmasından sonra Kubanı "uğursuz dövlət" adlandırıb və Vaşinqtonun təzyiqləri artıra biləcəyinə işarə edib.

Bu fonda "Nimitz" zərbə qrupunun Karib regionunda görünməsi ABŞ-ın "aviadaşıyıcı diplomatiyası" ilə bağlı yeni müzakirələrə səbəb olub.

Aktiv xidmətdə qalmasına baxmayaraq, "USS Nimitz" faktiki olaraq hərbi karyerasının son mərhələsinə daxil olub. Gəminin 2027-ci ilin martında istismardan çıxarılması planlaşdırılır. Bu isə onun 1975-ci ilin mayında ABŞ Hərbi Dəniz Qüvvələrinin tərkibinə daxil edilməsindən təxminən 52 il sonraya təsadüf edir.

Hazırda aviadaşıyıcı Vaşinqton ştatındakı Bremerton limanından Virciniya ştatındakı Norfolk bazasına köçürülür. Ölçülərinin çox böyük olması səbəbindən gəmi Panama kanalından keçə bilmədiyi üçün Cənubi Amerikanı dolanaraq Magellan boğazı vasitəsilə hərəkət edib.

Səfər zamanı "Nimitz" "Cənub dənizləri 2026" təlimlərində iştirak edir və ABŞ-ın Latın Amerikasındakı tərəfdaş ölkələri ilə birgə manevrlər keçirir.

2026-cı ilin mayında "Nimitz" rəsmi olaraq ABŞ Hərbi Dəniz Qüvvələrinin ən uzun müddət xidmət göstərən aviadaşıyıcısına çevrilib. O, 51 ildən artıq xidmətdə olmuş əfsanəvi “USS Enterprise” (CVN-65) gəmisini geridə qoyub.

ABŞ hərbi qurumlarının məlumatına görə, "Nimitz" artıq 51 il və 6 gündür aktiv xidmətdədir.

Yaxın gələcəkdə istismardan çıxarılmasına baxmayaraq, aviadaşıyıcı hələ də tam döyüş qabiliyyətini qoruyur. Onun göyərtəsində F/A-18 "Super Hornet" qırıcıları, EA-18G "Growler" radioelektron mübarizə təyyarələri, E-2D "Hawkeye" uzaqmənzilli radar aşkarlama təyyarələri və MH-60 "Seahawk" helikopterlərindən ibarət "CVW-17" aviasiya qanadı yerləşir.

Rəsmi olaraq xidmətdən çıxarıldıqdan sonra gəmi "Huntington Ingalls Industries" şirkətinin Nyuport-Nyus şəhərindəki gəmiqayırma zavoduna göndəriləcək. Burada onun iki A4W nüvə reaktoru deaktiv ediləcək.

Nüvə yanacağının çıxarılması prosesinin təxminən 30 ay davam edə biləcəyi bildirilir. Daha sonra aviadaşıyıcı tam utilizasiya olunacaq və təhlükəli materiallar söküləcək.

ABŞ Hərbi Dəniz Qüvvələri artıq etiraf edir ki, “Nimitz”in rekordu uzunömürlü olmaya bilər. Onun varisi olan "USS Dwight D. Eisenhower" (CVN-69) yeni gəmilərin tikintisindəki gecikmələr səbəbindən 2030-cu illərin əvvəllərinədək xidmətdə qala bilər.

Poliqon.info

Seçilən
4
poliqon.info

1Mənbələr