AZ

Köçəryan və Karapetyan kölgəsi: kilsə hansı gücə işləyir?

ain.az, Bizimyol portalına istinadən məlumat verir.

Vatikana səfər edən erməni katalikosu I Aram nümayəndə heyəti ilə birlikdə Vatikanın dövlət katibi, kardinal Pietro Parolin ilə görüşdə Bakıda həbsdə olan ermənilərlə bağlı məsələni gündəmə gətirib. Lakin yayılan məlumatlara görə, Parolin bu çağırışa açıq reaksiya verməyib və məsələ cavabsız qalıb.

Son dövrlərdə erməni kilsəsi, revanşist müxalifət və diaspor təşkilatları Qarabağ mövzusunu beynəlxalq platformalarda yenidən aktivləşdirməyə çalışırlar. Onlar xüsusilə həbsdə olan şəxslərin “siyasi məhbus” kimi təqdim olunması üzərindən beynəlxalq təzyiq formalaşdırmağa cəhd göstərirlər.

Milli Məclisin deputatı Hikmət Babaoğlu Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, erməni kilsəsi həmişə olduğu kimi yenə də dini dəyərlərdən deyil, radikal və terrorçu düşüncə tərzindən çıxış edir. “Vatikana səfər zamanı erməni katalikosu I Aram tərəfindən guya Azərbaycanda “siyasi məhbuslar” məsələsinin qaldırılması da mahiyyət etibarilə siyasi manipulyasiya və terror təfəkkürünün davamı kimi qiymətləndirilə bilər. Çünki ilk növbədə terrorçunun və hərbi cinayətkarın “siyasi məhbus” adlandırılması özü böyük siyasi saxtakarlıq və terror yanaşmasıdır. İkincisi, kilsənin birbaşa siyasi proseslərə qoşulması və siyasi kampaniyalarda iştirak etməsi dinin siyasiləşdirilməsi və terrorizə olunması anlamına gəlir.

Burada üçüncü və daha mühüm məqsəd də diqqət çəkir. Məhz indiki mərhələdə belə bir addımın atılması Ermənistan daxilində seçki prosesləri və aktiv təbliğat kampaniyası ilə birbaşa əlaqələndirilir”-deyən deputat bildirib ki, erməni kilsəsi bu cür çıxışlarla revanşist və müharibə düşüncəsindən uzaqlaşmayan qüvvələrə, xüsusilə Robert Koçaryan və oliqarx Samvel Karapetyan kimi fiqurlara dolayı şəkildə dəstək verməyə çalışır.

Deputat hesab edir ki, bu baxımdan yanaşdıqda yenə də görünür ki, erməni kilsəsi uzun illərdir erməni radikalizminin və revanşist ideologiyasının əsas mərkəzlərindən biri kimi çıxış edir.

“Vatikanın məsələyə açıq reaksiya verməməsi də təsadüfi deyil. Çünki həm İtaliya, həm də Vatikan ğAzərbaycanın regiondakı mövqeyini və məsələnin mahiyyətini çox yaxşı anlayır. Eyni zamanda Pietro Parolin rəhbərlik etdiyi diplomatik xəttlə dini institutların hansısa siyasi revanşizmin və ya radikal niyyətlərin alətinə çevrilməsinə imkan verməməyə çalışır. Bu, əslində Vatikanın dini dəyərlərə sadiqliyinin göstəricisi kimi də qiymətləndirilə bilər”-deyən deputat bildirib ki, erməni kilsəsinin bu addımı həm də Azərbaycan və Ermənistan arasında beynəlxalq təşkilatlar və məhkəmələr səviyyəsində qarşılıqlı iddiaların məhdudlaşdırılması ilə bağlı əldə edilmiş razılaşmaların ruhuna zidd görünür.

Deputat vurğulayıb ki, bu səbəbdən də, bu hadisə təkcə dini məsələ deyil, həm də erməni revanşizmini, siyasəti və dini eyni xətt üzərində terrorizə etmək cəhdi kimi qiymətləndirilə bilər və təbii ki, beynəlxalq səviyyədə pislənməlidir.

İradə Cəlil, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
51
bizimyol.info

1Mənbələr