AZ

Bakı Tbilisi xətti yenilənir: ADY müasir nəqliyyat modelinə keçid edir

Bizimyol saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Bir neçə gündür Bakı–Tbilisi istiqamətində qatar reyslərinin yenidən açılması Azərbaycan vətəndaşları arasında haqlı olaraq ciddi müzakirələrə səbəb olub. Xüsusilə dəmir yolu nəqliyyatında tətbiq edilən yeni qiymət siyasəti, Bakı–Tbilisi və Bakı–Gəncə istiqamətlərində biletlərin bahalaşması və yeni standartlar fonunda formalaşan tariflər vətəndaşların real gəlirləri ilə müqayisədə ciddi suallar yaradır.

Rəsmi məlumatlara görə, bütün tariflər tam şəkildə ictimailəşdirilməsə də, ilkin olaraq Bakı–Tbilisi istiqamətində komfort sinfi üçün bilet qiyməti 81 manat müəyyən edilib. Gəncə–Tbilisi xətti üzrə qiymətin 62 manat, Yevlax–Tbilisi istiqamətində isə 67 manat olduğu bildirilir. Qiymətlərin məsafəyə uyğun dəyişdiyi qeyd olunur. Əsaslandırma kimi isə yeni nəsil “Stadler” tipli vaqonların istifadəsi və xidmət keyfiyyətinin artırılması göstərilir.

Bu barədə Bizimyol.info xəbər portalına danışan iqtisadçı Asif İbrahimov bildirib ki, məsələyə yalnız xidmət keyfiyyəti prizmasından yanaşmaq doğru olmaz. Burada əsas məsələ əhalinin alıcılıq qabiliyyəti və gəlir səviyyəsidir. Dünya ölkələri ilə müqayisə etdikdə Azərbaycanda müəyyən edilən tariflərin kifayət qədər yüksək olduğu görünür.

İqtisadçı vurğulayıb ki, Azərbaycanda sərnişindaşıma funksiyasını həyata keçirən bir çox qurumlarda xidmət haqları ümumilikdə yüksəkdir. Bu da əsasən maya dəyərinin yüksək olması ilə əlaqələndirilir. Bir çox müəssisələr dotasiya ilə fəaliyyət göstərir və həmin qurumlarda struktur islahatlarının aparılmasına ciddi ehtiyac var. Əks halda yekun xidmət qiymətləri daha da bahalaşır və gəlir-xərc balansında ciddi uyğunsuzluq yaranır.

“Azərbaycanda orta aylıq əməkhaqqı hazırda təxminən 1100 manat civarındadır və ilin sonuna doğru bunun 1300 manata çatacağı proqnozlaşdırılır. Regionlarda isə bu göstərici daha aşağıdır. Bu kontekstdə Bakı–Tbilisi istiqamətində 81 manatlıq bilet qiyməti vətəndaş üçün sadə səyahəti belə ciddi xərc kateqoriyasına çevirir. Əgər üç və ya dörd nəfərlik ailə səyahət etməyi planlaşdırırsa, gediş-gəliş xərcləri ailə büdcəsinə əhəmiyyətli təsir göstərmiş olacaq”-deyən iqtisadçı bildirib ki, müqayisə üçün Avropa və ya Türkiyədəki qatar tariflərinə baxdıqda nominal qiymətlərin bəzən daha yüksək olduğunu görmək mümkündür.

Lakin həmin ölkələrdə orta gəlir səviyyəsi Azərbaycandan qat-qat yüksək olduğuna görə nəqliyyat xərcləri insanların aylıq büdcəsində çox kiçik pay tutur. Azərbaycanda isə minimal əməkhaqqının 400 manat, orta əməkhaqqının isə 1100–1300 manat arasında dəyişdiyini nəzərə alsaq, dörd nəfərlik ailənin qatarla səyahəti artıq büdcəyə ciddi yük yaradır.

İqtisadçının fikrincə, rəsmi açıqlamalarda qiymət artımı əsasən yeni nəsil qatarların istifadəsi, texniki xidmət xərclərinin yüksəlməsi, beynəlxalq tarif əmsalları, enerji və logistika xərcləri ilə izah olunur. Lakin məsələ təkcə bununla bağlı deyil. Əsas problem struktur islahatlarının gecikməsidir. Modernləşmə prosesi elə aparılmalıdır ki, nəqliyyat hər kəs üçün əlçatan olaraq qalsın.

“Əgər xidmət keyfiyyəti artırılırsa, təbii ki, müəyyən komfort fərqləri olacaq. Amma nəzərə almaq lazımdır ki, imkanlı insanlar əsasən hava nəqliyyatından istifadə edir. Qatar və avtobus nəqliyyatı isə əsasən orta və aşağı gəlirli əhali üçün daha əlçatan hesab olunur. Bu xidmətlərin qiyməti sürətlə yüksəldikdə vətəndaşın seçim imkanları məhdudlaşır”-deyən Asif İbrahimov hesab edir ki, digər mühüm məqam isə alternativlərin azlığıdır. Dəmir yolu nəqliyyatında qiymət artımı fonunda regionlar üzrə alternativ nəqliyyat imkanları kifayət qədər geniş deyil.

Buna görə də, vətəndaş seçim etdiyi üçün deyil, məcbur qaldığı üçün həmin qiymətlərlə razılaşmalı olur.

“Əsas sual isə bundan ibarətdir: digər ölkələrlə müqayisədə Azərbaycanda dəmir yolu biletləri bahadırmı? Reallıq göstərir ki, Azərbaycanda dəmir yolu nəqliyyatı sosial xidmət olmaqdan çıxaraq tədricən premium xidmət modelinə çevrilir. Halbuki həm minimum əməkhaqqı fonunda, həm də orta və median gəlirlər nəzərə alındıqda bu qiymətlər əhalinin, xüsusilə ailələrin büdcəsində ciddi paya malik olur”-deyən iqtisadçı bildirib ki, bu baxımdan məsələyə beynəlxalq standartlar və əhalinin real gəlirləri kontekstində yanaşmaq daha doğru olardı.

İradə Cəlil, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
20
bizimyol.info

1Mənbələr