AZ

Avtoyuma məntəqəsində müştərini döyən “moyşik”ə hökm oxundu

Nəsimi Rayon Məhkəməsində qəsdən sağlamlığa yüngül zərər vurmada təqsirləndirilən Akif Əsədovun (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Ceyhun Tağıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Məhkəmənin hökmü ilə icraat materialına xitam verilib və o, cinayət məsuliyyətindən azad edilib.

 

İttihama görə, hadisə 2026-cı ildə paytaxtın Nəsimi rayonu ərazisində yerləşən avtomobil yuma məntəqələrinin birində qeydə alınıb.

 

Belə ki, orada çalışan Akif Əsədovla müştəri, zərərçəkmiş Ziya Tağıyev (adı, soyadı şərtidir) arasında şəxsi münasibətlərin pozulması zəminində mübahisə yaranıb. Mübahisə zamanı təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin sol gözaltı nahiyəsinə qəsdən əl zərbəsi endirib. Hadisə nəticəsində Ziyaya sol üst göz qapağının qançırı və sol gözün ağlı qişasına qansızma kimi xəsarətlər yetirilib.

 

Ekspertiza rəyi ilə müəyyən edilib ki, qeyd olunan xəsarətlər dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər kateqoriyasına aiddir.

 

Bununla bağlı Akif Əsədova Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə ittiham elan olunub.

 

Məhkəmə iclasında o, özünü təqsirli bildiyini qeyd edib. Akif Əsədov zərərçəkmiş şəxslə barışdıqlarını bildirərək iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edib.

 

Məhkəmə iclasında iştirak edən Ziya Tağıyev də təqsirləndirilən şəxsin dediklərini təsdiqləyib. Zərərçəkmiş şəxs hazırda tərəflər arasında barışığın əldə olunduğunu, ona qarşı hər hansı şikayət və tələbinin olmadığını məhkəmənin diqqətinə çatdırıb.

 

Kamal Məmmədov

Tarix: 22 May 2026, 08:33   
Seçilən
36
2
pravda.az

3Mənbələr