AZ

Şərq ruhlu müasirlik: Mehriban xanım Əliyevanın şəhərsalma missiyası

Son onilliklər Azərbaycanda həyata keçirilən genişmiqyaslı şəhərsalma və memarlıq layihələri Prezident İlham Əliyevin liderliyi ilə tarixinin ən qüdrətli mərhələsini yaşayan ölkəmizin əsas göstəricilərindən birinə çevrilib. Paytaxt Bakının və digər iri şəhərlərimizin müasir urbanistik məkana transformasiyası, regionlarda infrastrukturun müasirləşdirilməsi, işğaldan azad olunmuş ərazilərimizdə "ağıllı şəhər" və "ağıllı kənd" konsepsiyalarının tətbiqi bu siyasətin mühüm istiqamətlərindəndir. 

Azərbaycanın evsahibliyi ilə paytaxtımızda keçirilən WUF13 (BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası) ölkəmizin bu sahədə əldə etdiyi nailiyyətlərin dünyaya təqdim olunması baxımından böyük imkanlar yaradır. Bu nailiyyətlərin əldə olunmasında Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevanın da müstəsna xidmətləri var.  

İnsan mərkəzli mühit, tarixi irsə ehtiram və ekoloji tarazlıq

Şəhərlər canlı orqanizmdir, onların da ruhu, yaddaşı və siması var. Qloballaşmanın şəhərləri yeknəsəkləşdirdiyi, tarixi kimliyi sıradan çıxardığı müasir dövrdə milli memarlıq ənənələrini qoruyaraq mütərəqqi dünya standartlarını tətbiq etmək hər bir dövlətin ən çətin və strateji sınaqlarından biridir.

Azərbaycanda bu sınağın uğurlu formulu Birinci vitse-prezident, Heydər Əliyev Fondunun rəhbəri Mehriban Əliyevanın şəhərsalma fəaliyyətində öz dolğun ifadəsini tapır. Mehriban xanımın rəhbərlik etdiyi layihələr və irəli sürdüyü təşəbbüslər ölkəmizdə yeni bir urbanizm məktəbinin əsasını qoymuşdur. Bu məktəbin təməlində tək bir fundamental prinsip dayanır: insan mərkəzli mühit, tarixi irsə mütləq ehtiram və ekoloji tarazlıq.

İçərişəhərin qədim divarlarından başlamış sənaye tullantılarından təmizlənərək turizm cənnətinə çevrilən Bakı qəsəbələrinə, Leyla Əliyevanın təşəbbüsü ilə canlanan yaşıl məhəllələrdən tutmuş işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurun sıfırdan qurulan "ağıllı yaşayış yerləri"nə qədər uzanan bu yol Azərbaycanın müasir simasını formalaşdırır. Ölkəmizin 2026-cı ildə WUF13-ə evsahibliyi etməsi də məhz bu unikal fəaliyyətin qlobal miqyasda qəbul olunan etirafıdır.

Mehriban xanım Əliyevanın fəaliyyətində şəhərsalma və memarlıq məsələləri texniki və estetik sahə olmaqla yanaşı, həm də milli-mədəni irsin qorunması, insan amilinin ön plana çəkilməsi və müasir yaşayış standartlarının formalaşdırılması baxımından strateji əhəmiyyət daşıyır. Birinci xanımın təşəbbüsü və birbaşa nəzarəti ilə həyata keçirilən çoxsaylı layihələrdə milli memarlıq ənənələri ilə müasir urbanistik yanaşmaların uzlaşdırılması xüsusilə nəzərə çarpır. Bakının simasının dəyişməsi məqsədilə həyata keçirilən layihələrdə Mehriban xanımın nəzər-diqqəti və dəst-xəti dərhal hiss olunur. Şəhərin tarixi hissələrinin bərpası, park və ictimai məkanların yenilənməsi, sosial obyektlərin müasir standartlara uyğun qurulması paytaxtımızı hər kəs üçün daha rahat və funksional şəhərə çevirib. Xüsusilə qədim memarlıq nümunələrinin qorunması ilə müasir infrastrukturun uyğunlaşdırılması balanslı inkişaf modelinin formalaşmasına imkan yaradır.

Mehriban xanım Azərbaycanın zəngin memarlıq irsinə milli kimliyimizin ayrılmaz hissəsi kimi yanaşır. Həqiqətən, tarixi abidələr, o cümlədən İçərişəhər kimi qədim şəhər mərkəzləri, məscidlər, karvansaralar, qalalar və digər memarlıq nümunələri xalqın keçmişini, mədəniyyətini, dövlətçilik tarixini yaşadan canlı yaddaşdır. İçərişəhər və Qız qalası Heydər Əliyev Fondunun xarici ekspertlərlə birgə layihələri sayəsində dağılmaqdan xilas edilmiş və bu məkan müasir turizm infrastrukturuna malik tarixi əraziyə çevrilmişdir. Belə memarlıq abidələrinin qorunması milli-mənəvi dəyərlərin gələcək nəsillərə ötürülməsi deməkdir. Mehriban xanım da bütün varlığı ilə bu irsə bağlı dövlət xadimi olaraq milli yaddaşı qoruyur, nəsillər arasında qırılmaz bağlılığı təmin edir. 

Daş hekayələr

Qədim memarlıq nümunələri hər bir ölkənin tarixini və sivilizasiya ənənələrini nümayiş etdirən əsas vasitələrdən biridir. Azəraycanın Birinci vitse-prezidenti bu irs işığında həm də ökəmizin zəngin mədəniyyətini dünyaya tanıdır. Mehriban xanımın məqsədyönlü fəaliyyəti sayəsində tarixi abidələrimizin bərpası və beynəlxalq səviyyədə təbliği, bəşəriyyətin maddi irsi siyahısına daxil edilməsi Azərbaycanın mədəni diplomatiyasının bir hissəsinə çevrilib. 

Birinci xanımın rəhbərlik etdiyi Heydər Əliyev Fondu uzun illərdir Azərbaycanın tarixi-mədəni irsinin qorunması, dini və memarlıq abidələrinin bərpası istiqamətində ardıcıl layihələr həyata keçirir. Bu layihələrdə əsas ideya və məqsəd daş və tikililəri qorumaqdan da çox onların daşıdığı tarixi və mənəvi dəyərləri yaşatmaq, bu dəyərlərin hekayəsini canlandırmaqdır.

Bakı həm Şərq, həm də Avropa memarlıq üslublarının unikal sintezidir. Bu simanın qorunması üçün Birinci vitse-prezidentin təşəbbüsü ilə fundamental addımlar atılmışdır. Paytaxtın unikal memarlıq siması bu gün Heydər Əliyev Fondunun birbaşa nəzarəti altında qorunur. Fondun rəhbərliyi ilə UNESCO-nun Ümumdünya İrsi Siyahısına daxil olan İçərişəhərin tarixi məkan quruluşuna zərər vermədən aparılan bərpa işləri qədim mühiti müasir turizm infrastrukturuna uğurla adaptasiya etdi. Mehriban Əliyevanın bu sahədəki fəaliyyəti təkcə qədim divarların təmiri ilə məhdudlaşmır, o, tikinti bumu dövründə tarixi binaların sökülməsi təhlükəsinə qarşı vətəndaş cəmiyyətinin səsini dinləyərək prosesləri şəxsi diqqətində saxlayır. Bunun nəticəsidir ki, Bakıda, Gəncədə və Şamaxıda təmir edilərək yenidən qurulan qədim məscidlər, kilsələr və sinaqoqlar bu gün  şəhərlərimizin multikultural və tarixi yaddaş simvollarına çevrilib.

Bakı qəsəbələrinin sosial-arxitektur intibahı tarixi irsin qorunması ilə yanaşı, şəhərsalma siyasətində regional balansın tapılması mühüm addımdır. Bu baxımdan Mehriban Əliyevanın təşəbbüsü ilə icra olunan Bakıətrafı qədim qəsəbələrin yenidən qurulması layihələri paytaxtın inkişafını yalnız mərkəzi küçələrlə məhdudlaşdırmır. Uzun illər sənaye və neft tullantıları ilə tanınan Balaxanı qəsəbəsi yeraltı kommunikasiya xətlərinin tamamilə yenilənməsi, ekoloji təmizləmə və fasadların estetik restavrasiyası nəticəsində unikal turizm və sənətkarlıq zonasına çevrilib. Pirşağı, Ramana və Binə kimi qəsəbələrdə aparılan abadlıq işləri çərçivəsində Heydər Əliyev Fondu tərəfindən yeni məktəblər, bağçalar və tibb məntəqələri inşa edilib. Bu yanaşma şəhərsalmanı, sadəcə, vizual gözəllik deyil, sakinlərin yaşam keyfiyyətini qaldıran sosial mexanizm kimi təqdim edir. Belə bir siyasətin təməlində tək bir düstur dayanır: milli memarlıq irsinin qorunması ilə müasir urbanizasiya prinsiplərinin harmoniyası.

Azərbaycanın gələcək inkişaf konsepsiyasının simvolik layihəsi

İşğaldan azad edilmiş ərazilərdə ermənilərin vandalcasına dağıtdıqları tarixi abidələrin Mehriban xanım Əliyevanın təşəbbüsü və nəzarəti ilə bərpası da xüsusi əhəmiyyət daşıyır. Çünki burada söhbət təkcə memarlıq nümunələrinin yenilənməsindən deyil, həm də uzun illər məhv edilmiş mədəni irsin yenidən dirçəldilməsindən gedir. Tarixi Zəfərimizin rəmzi Şuşa da daxil olmaqla azad şəhərlərimizdə, kəndlərimizdə aparılan bərpa-quruculuq işləri bu baxımdan həm mədəni, həm də siyasi-mənəvi məna daşıyır. Şuşada Yuxarı və Aşağı Gövhər ağa məscidləri, Molla Pənah Vaqifin məqbərəsi və Mehmandarovların malikanə kompleksi arxiv sənədlərinə uyğun olaraq dəqiqliklə bərpa edilərək tarixi ruhları özlərinə qaytarılıb.

Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulması prosesi Azərbaycanın gələcək inkişaf konsepsiyasının simvolik layihəsinə çevrilib. Burada müasir şəhərsalma, "yaşıl enerji", milli memarlıq və texnoloji həllərin birləşdirilməsi dövlətin gələcək vizyonu kimi təqdim edilir. Mehriban Əliyevanın həmin ərazilərdə görülən işlərə dəstəyi, diqqəti də müvafiq strateji yanaşmanın vacib tərkib hissəsidir. Təsadüfi deyil ki, Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən şəhərsalma layihələri artıq yeni urbanizasiya modelinin nümunəsi kimi təqdim edilir və artıq Qarabağ və Şərqi Zəngəzur Modeli adlanır.  Burada əsas məqsəd dağıdılmış şəhər və kəndlərin bərpası ilə yanaşı, həm də müasir texnologiyalar əsasında dayanıqlı yaşayış mühitinin qurulmasıdır. Tarixi irsin bərpasına paralel, ekoloji yanaşma, yaşıl enerji həlləri və insan yönümlü şəhər planlaşdırılması prioritet kimi müəyyənləşdirilib. 

Xüsusilə Şuşa şəhərinin bərpası və tarixi simasının qorunması istiqamətində Mehriban xanımın yaxından iştirakı ilə görülən işlər Azərbaycanın mədəniyyət paytaxtının gələcək inkişaf konsepsiyasını formalaşdırır. Həyata keçirilən layihələr şəhərin tarixi ruhunun saxlanılması ilə müasir şəhər infrastrukturu arasında harmoniyanın yaradılmasına hesablanıb. Bu yanaşma Azərbaycanın ümumi şəhərsalma siyasətində də əsas prinsip kimi çıxış edir.

Qədim memarlıq irsinin qorunması turizm, şəhər estetikası və beynəlxalq nüfuz baxımından da vacibdir. Tarixi mühitini qoruyan şəhərlər dünyanın hər yerində daha böyük maraq doğurur və ölkənin yumşaq güc potensialını artırır. Digər tərəfdən şəhərsalma və memarlıq Mehriban xanım Əliyevanın ölkəmizin Birinci vitse-prezidenti kimi icrasında yaxından iştirak edərək böyük töhfələr verdiyi sosial siyasətin çox mühüm istiqamətidir. Azərbaycan dövlətinin Bakıda və ucqarlarda ardıcıl olaraq qurub-yaratdığı yeni parklar, məktəblər, xəstəxanalar, mədəniyyət obyektləri insanların gündəlik həyatına birbaşa təsir edir. Mehriban xanım şəhərlərə tikililər toplusundan daha çox, insan üçün rahat, göz oxşayan yaşayış məkanı kimi yanaşır və ölkənin birinci xanımının təşəbbüsü, rəhbərliyi, nəzarəti ilə həyata keçirilən layihələr də bu qayəni əsaslandırır. 

Azərbaycanın Birinci vitse-prezidenti yüksək zövqü, məsələlərə strateji baxış bacarığı ilə şəhərsalma prosesində humanitar və sosial yanaşmanı gücləndirir.

Heydər Əliyev Fondunun vitse-prezidenti və IDEA İctimai Birliyinin təsisçisi Leyla Əliyevanın şəhərsalma kontekstində ən böyük və uğurlu təşəbbüsü "Bizim həyət" (və ya geniş yayılan adı ilə "Abad həyət") layihəsidir. 2017-ci ildən icra olunan bu layihə şəhərsalmanın "mikro-urbanizm" sahəsinə aiddir və birbaşa sakinlərin gündəlik yaşam keyfiyyətinin artırılmasına xidmət edir. İndiyə qədər paytaxt və ətraf rayonlarda 150-dən çox geniş məhəllə sahəsi tamamilə yenidən qurularaq on minlərlə sakinin istifadəsinə verilmişdir.

Milli inkişaf strategiyasının vacib elementi

Müasir dövrdə şəhərlər dövlətlərin inkişaf səviyyəsini, idarəetmə mədəniyyətini və gələcəyə baxışını əks etdirən əsas göstəricilərdən birinə çevrilib. Azərbaycanda son illər həyata keçirilən layihələr göstərir ki, ölkədə şəhərsalma siyasəti sistemli və uzunmüddətli strateji baxış əsasında qurulur. Bu siyasətin həyata keçirilməsində Birinci vitse-prezident Mehriban Əliyevanın iştirakı, təşəbbüsləri və daim diqqətdə saxladığı məsələlər mühüm rol oynayır. Onun fəaliyyətində şəhərsalma milli inkişaf strategiyasının vacib elementi kimi çıxış edir.

Mehriban Əliyevanın bu sahəyə yanaşmasında diqqətçəkən əsas məqam qədim irslə müasir inkişaf arasında balans yaratmaqdır. Yəni məqsəd yalnız keçmişi qorumaq deyil, onu müasir Azərbaycanın inkişaf konsepsiyası ilə uyğunlaşdırmaqdır. Şəhərlər yaddaş daşıyıcısıdırlar. Əgər inkişaf prosesi yalnız müasir tikinti üzərində qurularsa, şəhər öz kimliyini, tarixi ruhunu itirə bilər. Əksinə, yalnız keçmişi qorumağa yönəlmiş yanaşma şəhərin müasir ehtiyaclara uyğun inkişafını ləngidər. Mehriban xanım memarlıq və şəhərsalma məsələlərinə baxışında, dəstəklədiyi layihə həllərində bu incə cizgini qoruyur. Tarixi irsin bərpası və qorunması ilə şəhərlərimizin xarakteri, milli kimliyi üzə çıxır. Birinci vitse-prezident Bakının mərkəzində, Abşeronun ayrı-ayrı kənd və qəsəbələrində, eləcə də regionlarda bərpa etdirdiyi mədəni məkanlar, qədim küçələr, memarlıq abidələri, tarixi binalarla cəmiyyətin keçmişlə bağını mühafizə edir. Digər tərəfdən Mehriban xanım icrasında yaxından iştirak etdiyi müasir inkişaf layihələri ilə şəhərlərimizin rahat, təhlükəsiz və funksional olmasına kömək göstərir. Müasir nəqliyyat sistemi, yeni kommunikasiya infrastrukturu, ekoloji standartlar, "ağıllı şəhər" texnologiyaları və sosial obyektlər insanların həyat keyfiyyətini artırır. 

Azərbaycanda son illər həyata keçirilən şəhərsalma siyasətində milli memarlıq elementlərinin və tarixi mühitin qorunmasına, eləcə də estetik və urbanistik harmoniyaya xüsusi diqqət yetirilir. Bununla şəhərlərimizin həm müasir, həm də özünəməxsus qalması təmin edilir. Bu baxımdan qədim irslə müasir inkişaf arasında balans yaratmaq, sadəcə, memarlıq məsələsi deyil, həm də mədəniyyət, iqtisadiyyat və milli identiklik məsələsidir.

Mehriban xanım Əliyevanın fəaliyyətinin ən mühüm istiqamətlərindən biri də beynəlxalq imiclə bağlıdır. Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə indiyə qədər dünyanın müxtəlif ölkələrində tarixi və dini memarlıq abidələri bərpa olunub. Bu fəaliyyət mədəni diplomatiyanın mühüm elementidir və Azərbaycanın multikultural dəyərlərinin, mədəni irsə hörmət ənənəsinin beynəlxalq səviyyədə tanıdılmasında bu layihələrin xüsusi rolu var.

Mehriban xanım Əliyevanın fəaliyyəti Azərbaycanda mədəni irsin qorunması, şəhərsalma mədəniyyətinin inkişafı və sosial-humanitar layihələrin genişlənməsi baxımından mühüm bir mərhələdir. Birinci vitse-prezidentin  təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən layihələr, qədim irsin qorunması və müasir inkişafın uzlaşdırılması istiqamətində formalaşan yanaşma Azərbaycanın şəhərlərinə həm tarixi dəyər, həm də müasir həyat keyfiyyəti qazandırır. Bu isə ölkənin inkişaf modelində davamlılıq və estetik harmoniyanın əsas prinsipə çevrildiyini göstərir.

İradə ƏLİYEVA,

"Azərbaycan"

Seçilən
47
azerbaijan-news.az

1Mənbələr