AZ

Pentaqon Tayvana 14 milyard dollarlıq silah satışını dayandırıb

BAKI, 22 may. TELEQRAF

ABŞ Tayvana mümkün 14 milyard dollarlıq silah satışını müvəqqəti dayandırıb.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ Hərbi Dəniz Qüvvələrinin müvəqqəti rəhbəri Hanq Kao Senatın Təxsisat Komitəsində keçirilən dinləmələr zamanı bildirib.

Onun sözlərinə görə, qərar ABŞ-nin İrana qarşı həyata keçirdiyi “Epik Qəzəb” əməliyyatı üçün həmin silahlara ehtiyac yaranması ilə əlaqədardır.

“Biz Tayvana müəyyən silah satışlarını təmin etmişik. Lakin hazırda bu prosesi dayandırmışıq ki, əməliyyat üçün kifayət qədər silahımızın olduğuna əmin olaq. Bizdə kifayət qədər ehtiyat var, sadəcə lazım olan hər şeyin mövcudluğunu dəqiqləşdiririk”, - Hanq Kao deyib.

O əlavə edib ki, ABŞ administrasiyası zəruri hesab etdiyi halda xarici ölkələrə silah tədarükü davam etdiriləcək.

Bundan əvvəl ABŞ Prezidenti Donald Tramp Tayvan administrasiyasının rəhbəri Lay Tsinde ilə mümkün silah sövdələşməsini müzakirə etmək üçün telefon danışığı aparacağını açıqlamışdı. Bu, son 40 ildən çox müddətdə tərəflər arasında ilk belə birbaşa təmas ola bilər.

Tramp ötən həftə Çinə etdiyi dövlət səfərindən sonra bildirib ki, Çin Prezidenti Si Cinpinlə Tayvana 14 milyard dollarlıq ABŞ silahlarının mümkün satışı məsələsini müzakirə edib. Bununla yanaşı, o, bu barədə hələ yekun qərar vermədiyini vurğulayıb.

ABŞ lideri həmçinin Tayvanın Çindən müstəqilliyini elan etməsi səbəbindən Vaşinqtonun Pekinlə müharibəyə girməsini istəmədiyini qeyd edib.

Qeyd edək ki, Tayvan 1949-cu ildən öz administrasiyası tərəfindən idarə olunur. Pekin isə adanı Çin Xalq Respublikasının əyalətlərindən biri hesab edir. ABŞ 1979-cu ildə Taybeylə diplomatik əlaqələri kəsərək Çinlə münasibətlər qurub. Vaşinqton “vahid Çin” siyasətini tanısa da, Tayvan administrasiyası ilə əlaqələri və adaya silah satışını davam etdirir.

Seçilən
79
teleqraf.com

1Mənbələr