Stokholm, 22 may, AZƏRTAC
İsveç hökuməti təyyarə yanacağının qiymətlərinin artması fonunda aviasiya sənayesini dəstəkləmək üçün 500 milyon kron (təxminən 54 milyon dollar) ayırır.
AZƏRTAC xəbər verir ki, yardımın əsas hissəsi - 400 milyon kron (təxminən 43 milyon dollar) - aviaşirkətlərin təhlükəsizlik nəzarəti və baqajın emalı xərclərini ödəməyə yönəldiləcək. Bu da aviabiletlərin qiymətlərini bir qədər azaltmağa imkan verəcək. Daha 100 milyon kron (təxminən 11 milyon dollar) ölkənin nəqliyyat infrastrukturu üçün vacib hesab edilən daxili uçuşların təmin edilməsinə ayrılacaq. Bundan əlavə, regionlar və bələdiyyələr üçün həyati əhəmiyyətli tibbi hava nəqliyyatını dəstəkləmək üçün 20 milyon kron (təxminən 2,2 milyon dollar) ayrılacaq.
İnfrastruktur naziri Andreas Karlson bildirib ki, tədbirlər İsveçin vacib infrastrukturunu qorumaq üçün zəruridir, maliyyə naziri Elizabet Svantesson isə ölkədə yanacaq təchizatı ilə vəziyyətinin sabit qaldığını vurğulayıb.
Nərgiz Cəfərli