BAKI, 22 may. TELEQRAF
Hörmüz boğazında gəmiçiliyin avqusta qədər bərpa olunmaması qlobal iqtisadiyyatda 2008-ci il maliyyə böhranına bənzər resessiya riski yarada bilər.
“Teleqraf” "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, bu barədə “Rapidan Energy Group” konsaltinq şirkətinin analitik hesabatında bildirilib.
Şirkətin baza ssenarisinə görə, boğazın iyul ayında yenidən açılması halında qlobal neft tələbatı gündəlik 2,6 milyon barel azalacaq, Brent markalı neftin qiyməti isə bir barel üçün 130 dollara yüksələcək.
Daha pessimist ssenaridə isə gəmiçiliyin avqusta qədər bərpa olunmaması üçüncü rübdə neft tədarükü çatışmazlığını gündəlik 6 milyon barelə çatdıra bilər.
Analitiklər qeyd ediblər ki, hazırkı makroiqtisadi şərait 1970-ci illər və ya 2007-2008-ci illərlə müqayisədə daha sabit olsa da, neft qiymətlərində davamlı artım maliyyə və iqtisadi riskləri daha da dərinləşdirə bilər.
Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb. Zərbələr nəticəsində Tehran da daxil olmaqla İranın iri şəhərləri hədəfə alınıb. İran İnqilab Keşikçiləri Korpusu buna cavab olaraq İsrailə qarşı genişmiqyaslı əməliyyat başladığını açıqlayıb. Həmçinin ABŞ-ın Bəhreyn, İordaniya, İraq, Qətər, Küveyt, BƏƏ və Səudiyyə Ərəbistanındakı hərbi obyektlərinə də zərbələr endirilib.
Bundan sonra İran hakimiyyəti ABŞ, İsrail və onlara dəstək verən ölkələrlə əlaqəli gəmilər üçün Hörmüz boğazını bağlamaq qərarı qəbul edib.