AZ

Çin səfiri: WUF13 Azərbaycanın artan gücünü və beynəlxalq nüfuzunu tam şəkildə nümayiş etdirir

Bakı, 22 may, AZƏRTAC

Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) “tarixdə bir neçə rekorda” imza atıb və BMT-nin Məskunlaşma Proqramı tərəfindən indiyədək təşkil olunan ən böyük tədbirə çevrilib.

Bu barədə Çinin Azərbaycandakı səfiri Lu Mey AZƏRTAC-ın müxbiri ilə söhbətində bildirib.

“Bu, Cənubi Qafqaz regionunda keçirilən ilk sessiyadır. Azərbaycanın təşəbbüsü ilə Ümumdünya Şəhərsalma Forumu çərçivəsində ilk dəfə olaraq 20-yə yaxın ölkənin nümayəndələrinin iştirakı ilə Liderlər Sammiti təşkil olunub”, – deyə o qeyd edib.

Onun sözlərinə görə, “Urban Expo” sərgisi də WUF tarixində ən böyük sərgi olub və burada mənzil tikintisi, şəhər idarəçiliyi və dayanıqlı inkişaf sahələrində innovativ həllər təqdim edilib.

“Bu nailiyyətlər Prezident İlham Əliyevin müdrik rəhbərliyi altında Azərbaycanın artan hərtərəfli gücünü və beynəlxalq nüfuzunu tam şəkildə nümayiş etdirir”, – deyə diplomat vurğulayıb.

Lu Mey həmçinin qeyd edib ki, Çin WUF13 forumunun Azərbaycanda keçirilməsinə böyük önəm verir.

“ÇXR Sədri Si Cinpinin nümayəndəsi, Çin Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü və Dövlət Şurası Baş nazirinin müavini Çjan Qoçin Liderlər Sammitində iştirak etmək üçün xüsusi olaraq Azərbaycana gəlib”, – deyə səfir bildirib.

Çin ilə Azərbaycan arasında mədəni əlaqələrdən danışan Lu Mey vurğulayıb ki, iki ölkə arasındakı münasibətlərin çoxəsrlik tarixi Böyük İpək Yoluna gedib çıxır.

“Son illərdə Prezident İlham Əliyevin və Sədr Si Cinpinin rəhbərliyi ilə Azərbaycanla Çin arasında münasibətlər hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinə yüksələrək, iki ölkə arasında əməkdaşlıqda yeni tarixi səhifə açıb”, – deyə o bildirib.

Diplomat əlavə edib ki, Çin Azərbaycan ilə mədəni və humanitar əlaqələri bundan sonra da genişləndirməyə hazırdır.

Seçilən
97
1
azertag.az

2Mənbələr