AZ

Hindistanda “Tarakanlar Xalq Partiyası” hakim partiyanı sosial şəbəkələrdə geridə qoyub

Etiraz hərəkatı kimi yaradılan gənclər partiyası qısa müddətdə milyonlarla izləyici toplayıb...

Poliqon xəbər verir ki, Hindistanda yaradılan gənclər hərəkatı - “Tarakanlar Xalq Partiyası” sosial şəbəkələrdə ölkənin hakim siyasi qüvvəsini geridə qoyub. Məlumata görə, partiyanın “Instagram” platformasındakı səhifəsi cəmi beş gün ərzində 18 milyondan çox izləyici qazanıb. Bu göstərici hakim Bharatiya Janata Partynın rəsmi hesabındakı təxminən 9 milyon izləyicidən iki dəfə çoxdur.

Partiyanın yaradıcıları bildiriblər ki, hərəkat mövcud hakimiyyətə etiraz məqsədilə formalaşdırılıb. “Deccan Herald” qəzetinin yaydığı məlumata əsasən, təşəbbüsə Hindistan Ali Məhkəməsinin sədri Surya Kantın işsiz gəncləri “tarakanlara” bənzədən açıqlaması səbəb olub. Bundan sonra sosial şəbəkələrdə geniş rezonans yaranıb və etirazçı gənclər həmin ifadəni simvolik siyasi hərəkat formasına çeviriblər.

“Tarakanlar Xalq Partiyası”nın rəhbəri Abhijit Dipke bildirib ki, partiyanın sosial media hesabı Hindistanda bloklanıb. Onun sözlərinə görə, buna baxmayaraq, hərəkat fəaliyyətini davam etdirəcək və ölkədə demokratik prinsiplərin qorunmasını tələb edəcək.

Partiya Hindistan Konstitusiyasının dəyərlərinə sadiq olduğunu bəyan edib və beş maddədən ibarət manifest yayımlayıb. Manifestin ilk bəndində istefaya gedən hakimlərə verilən dövlət ödənişlərinin ləğvi təklif olunur. İkinci bənddə şəffaf və ədalətli seçkilərin keçirilməsi tələb edilir. Üçüncü maddədə qadınların hökumətdə təmsilçiliyinin 33 faizdən 50 faizə qaldırılması nəzərdə tutulur. Dördüncü bənd müstəqil medianın qorunmasına həsr olunub. Sonuncu maddədə isə partiyasını dəyişən deputat və ya qanunverici orqan üzvlərinin 20 il ərzində dövlət vəzifəsi tutmasının qadağan olunması təklif edilir.

Siyasi müşahidəçilər hesab edirlər ki, qısa müddətdə milyonlarla gəncin dəstəyini qazanan bu təşəbbüs Hindistanda sosial narazılığın yeni formasını ortaya qoyur və hakimiyyətə qarşı etirazların rəqəmsal platformalarda daha da gücləndiyini göstərir.

Poliqon.info

Seçilən
66
poliqon.info

1Mənbələr