ain.az, Bizimyol saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bakıda keçirilən Dünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində şəhər dayanıqlığı, mənzil təminatı və medianın bu prosesdəki rolu geniş müzakirə olunub.
Media İnkişaf Mərkəzi İctimai Birliyinin təşkilatçılığı ilə baş tutan konfransda davamlı inkişaf və urbanizasiya məsələləri ön plana çıxarılıb.
Medianın dayanıqlı şəhərsalma və mənzil təminatı sahəsində rolu nədən ibarətdir?
Bu barədə Bizimyol.info xəbər portalına danışan Media İnkişaf Mərkəzi İctimai Birliyinin sədri, Azərbaycan Respublikasının Əməkdar jurnalisti Qabil Abbasoğlu bildirib ki, belə mötəbər tədbirin paytaxtımızda keçirilməsi peşəkar öhdəliklərimizi vacib edir: “Bu gün dünyadakı qlobal gündəliyə aid olan bütün tendensiyalar kimi, dayanıqlı şəhərsalma, mənzil əlçatanlığı və iqlim dəyişikliyi kimi məsələlər də medianın, o cümlədən Azərbaycan kütləvi informasiya vasitələrinin diqqətindədir. Belə bir mötəbər tədbirin paytaxtımızda keçirilməsi bizim həm jurnalist kimi peşəkar öhdəliklərimizi, həm də ev sahibi ölkənin vətəndaşları kimi məsuliyyətimizi anlamağımızı vacib edir. Üstəlik, məsələyə bəşəri baxımdan yanaşdıqda, müzakirə olunan məsələlərlə bağlı qlobal narahatlıqları və problemləri də anlamağımız mühümdür.
BMT-nin 2001-ci ildə təsis etdiyi bu proqram fəaliyyət göstərdiyi ötən illər ərzində müntəzəm hesabatlar yayır, qarşıya qoyulan hədəfə çatmaq üçün seçilən yolları və istiqamətləri müəyyənləşdirir. Bu istiqamətlər aşağıdakılardır:
Şəhərlərin Dayanıqlı İnkişafı
Ekologiya və Tullantılar
Əlçatan mənzil
Urbanizasiya və İnkişaf
Regional vizyon
Bu istiqamətlərdən biri ilə bağlı diqqət çəkən və narahatlıq doğuran bircə statistikanı deyim: Atmosferə buraxılan karbondioksid (CO2) tullantılarının 38 faizi tikinti sektoru ilə əlaqədar energetikanın payına düşür. Şəhərsalma kimi mühüm bir prosesin daha təhlükəsiz hala gətirilməsinin vacibliyi təkcə bu rəqəmdən görünür. Odur ki, BMT-nin bu proqramı şəhərlərin ekoloji vəziyyət üçün zərərsiz, yaxud daha az zərərli olmasını təmin etmək üçün “yaşıl arxitektura”nı və rəqəmsal idarəetməni təsirli vasitə kimi qabardır.
Davamlı urbanizasiya yaşıl infrastruktur, rəqəmsal texnologiyalar və sosial koordinasiyanı birləşdirən şəhərsalmadır”.
Qabil Abbasoğlu həmçinin deyib: “Azərbaycan enerji istehsalçısı olan ölkə kimi regionun və bəzi dünya ölkələrinin enerji təminatçısı rolunda uğurla çıxış edir. Enerji istehsalı bir tərəfdən inkişafa xidmət edirsə, digər tərəfdən də ekoloji təmizliyin qorunması kimi əhəmiyyətli bir öhdəlik yaradır. Ölkəmizin son illərdə “yaşıl enerji”yə keçid istiqamətində atdığı addımlar, həmçinin ənənəvi enerji mənbələri ilə iş zamanı bu vacib amili daim diqqətdə saxlaması bu gün burada müzakirə etdiyimiz strategiyanın qorunması deməkdir.
Yeri gəlmişkən, Ermənistanın işğalından azad edilmiş torpaqlarımızda aparılan quruculuq və abadlıq işləri, nümunəvi şəhər və kəndlərin quruculuğu barədə danışmaq istərdim. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti hörmətli Mehriban xanım Əliyevanın ideya müəllifi olduğu “Karabakh.Center” internet-resursunun “Qarabağda Urbisid” bölməsi internet-resursunun əsas vacib hissəsini təşkil edir. "Urbisid" termini Latın dilindən "şəhərə qarşı zorakılıq" mənasını ifadə edir. Bu bölmədə erməni işğalı nəticəsində Qarabağa dəyən zərər foto-sübutlarla əks olunub. Azərbaycanın Şuşa, Ağdam, Kəlbəcər, Laçın, Zəngilan, Qubadlı, Cəbrayıl və Füzuli şəhərlərinin tamamilə dağıdılması, hətta dünya mediasında bu şəhərlərin “ruhlar şəhəri” adı ilə anılması çox da uzaq keçmişin faktı deyil. Hazırda həmin şəhərlər sıfırdan yenidən qurulur. Azərbaycan Prezidentinin şəxsi nəzarəti altında aparılan bu quruculuq işlərində şəhərsalma standartları, “yaşıl arxitektura”, ekoloji balansın qorunması, dayanıqlı şəhər infrastrukturunun yaradılması göz önündədir. İşğaldan azad edilmiş zonada salınmış bir neçə kənd “ağıllı idarəetmə” və yaşıl enerji təminatı ilə əhatə olunub”.
Qabil Abbasoğlu əlavə edib: “Media həm dayanıqlı şəhərsalma, həm mənzil əlçatanlığı və məskunlaşdırma, həm də ekoloji təhlükəsizliyin qorunması məsələsində təkcə məlumatlandırma işi ilə kifayətlənməməlidir. Biz eyni zamanda ictimai rəyin yönləndirilməsi, müzakirələrin davamlı aparılması, “yaşıl arxitektura” və “ağıllı idarəetmə” kimi strategiyaların təşviqində fəal rol oynaya bilərik.
Media İnkişaf Mərkəzi BMT-nin bu nəhəng fəaliyyətini daha effektiv təşkil etmək üçün operativ əməkdaşlığı nəzərdə tutan Regional Media Konsorsiumların yaradılmasını təklif edir. Siyasi, ideoloji, iqtisadi və hərbi meyarlardan asılı olmayaraq, ən azı region ölkələrində cəmiyyətlərin bu vahid strategiya istiqamətində maarıfləndirilməsi, dövlət qurumlarının və biznesin sosial məsuliyyətini qabartması üçün bu, çox mühümdür”.
Günel Həsənova, Bizimyol.info
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.