Azərbaycan stolüstü tennisçiləri Özbəkistanda uğurlu çıxışları ilə diqqət çəkiblər.
90deqiqe.Az Azərbaycan Stolüstü Tennis Federasiyasına istinadən xəbər verir ki, Andijan şəhərində Rafik Şiriyevin xatirəsinə həsr olunan ənənəvi beynəlxalq turnirdə milli üzvləri ümumilikdə dörd medal qazanıblar.
Yarışın ən uğurlu idmançısı Mehin Mirzəbalayeva olub. 13 yaşadək stolüstü tennisçilərin mübarizəsində bütün rəqiblərini məğlub edən idmançı qızıl medala sahib çıxıb.
Digər təmsilçilərdən Gülnur Kərimli 11 yaşadək iştirakçılar arasında gümüş medal qazanıb. Səidə Quluzadə (U-13) və Yağmur Məmmədli (U-15) isə turniri bürünc medalla başa vurublar.
Qeyd edək ki, Azərbaycan stolüstü tennisçiləri bundan əvvəl Daşkənddə keçirilən “WTT Youth Contender” turnirində də uğurlu nəticələr əldə etmişdilər. Belə ki, Onur Quluzadə ikinci, Cəfər Almədədli və Mehin Mirzəbalayeva isə üçüncü yeri tutmuşdular.
Millimiz yarışlarda gənclərdən ibarət yığmanın baş məşqçiləri Elnur Hidayətzadə və Ramil Cəfərovun rəhbərliyi altında çıxış edib.