Beton Dövrü Bitir? – Zəlzələyə Dözümlü NƏHƏNG Taxta Binalar Gəlir
ABŞ-də alimlər 10 mərtəbəli müasir taxta binanı nəhəng zəlzələ simulyatorunda sınaqdan keçiriblər və nəticələr diqqət çəkib.
Araşdırmaya görə, xüsusi mühəndislik texnologiyası ilə inşa olunan taxta bina güclü zəlzələ testindən ciddi struktur zədəsi almadan çıxıb.
Mütəxəssislər bildirirlər ki, müasir taxta konstruksiyalar elastik və yüngül olduğu üçün zəlzələ enerjisini beton və polad binalarla müqayisədə daha yaxşı udur.
Ekspertlərin fikrincə, son illərdə karbon emissiyasını azaltmaq məqsədilə ekoloji tikinti layihələrinə maraq sürətlə artır. Beton və polad istehsalı yüksək tullantı yaratdığı halda, ağac materialı daha “yaşıl” alternativ sayılır.
Araşdırmaçılar hesab edirlər ki, gələcəkdə xüsusilə zəlzələ riski yüksək olan ölkələrdə çoxmərtəbəli taxta binaların sayı əhəmiyyətli dərəcədə arta bilər.
Bu texnologiyanın həm təhlükəsizlik, həm də ekologiya baxımından tikinti sektorunda yeni mərhələnin başlanğıcı ola biləcəyi vurğulanır.