AZ

Region futbolu ölür: istedadlı uşaqlar niyə itirilir? Deputat və AFFA rəsmisi DANIŞDI

Uşaq və gənclərin fiziki və mənəvi inkişafı hər bir cəmiyyətin gələcəyi baxımından mühüm əhəmiyyət daşıyan məsələlərdən biridir. Xüsusilə idman sahəsində sağlam mühitin formalaşdırılması, uşaqların asudə vaxtının düzgün təşkili və onların sosial bacarıqlarının inkişaf etdirilməsi bu istiqamətdə əsas amillər hesab olunur. Bu baxımdan uşaq futbolunun inkişafı, infrastrukturun genişləndirilməsi, peşəkar məşqçi hazırlığı və regionlarda idmana marağın artırılması məsələləri daim diqqət mərkəzindədir.

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında Milli Məclisin gənclər və idman komitəsinin üzvü Göydəniz Qəhrəmanov bildirdi ki, uşaq futbolu həqiqətən də çox vacib məsələlərdən biridir.

"Ümumiyyətlə, bütün idman növlərinə nəzər yetirsək görərik ki, məhz uşaqlıq dövründən idmanla məşğul olan şəxslər illər sonra böyük nailiyyətlər əldə edirlər. Sözsüz ki, uşaq futbolu da bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Dünya təcrübəsinə baxdıqda görürük ki, uşaqlar artıq 5-6 yaşından futbolla məşğul olmağa başlayırlar və illər sonra yüksək nəticələr göstərirlər. Əsasən məhlə futbolundan, kənd futbolundan başlayan uşaqlar daha sonra akademiyalarda və klublarda məşqlərini davam etdirirlər. Nəticə etibarilə isə böyük futbolda uğurlar qazanır, müxtəlif nailiyyətlər əldə edirlər".

Millət vəkili qeyd etdi ki, bu sahədə ölkəmizdə də bir çox işlər görülür:

"Amma xüsusi olaraq qeyd etmək istəyirəm ki, burada klubların və federasiyaların yanaşması və dəstəyi mütləq şəkildə vacibdir. Paralel olaraq valideynlərin də uşaqlara bu istiqamətdə dəstək göstərməsi, onların marağını artırması, stimullaşdırması çox önəmlidir. Uşaqlara qayğı və motivasiya göstərilməsi onların futbola və ümumilikdə idmana marağının artmasına ciddi təsir edir. Düşünürəm ki, məhz valideynlərin, məşqçilərin, klubların və federasiyaların birgə fəaliyyəti nəticəsində daha böyük nailiyyətlər əldə etmək mümkündür. Dövlət tərəfindən də idman sahəsində böyük işlər görülür. Həm regionlarda, həm də paytaxtda olimpiya idman kompleksləri fəaliyyət göstərir. Eyni zamanda layihələr çərçivəsində məhəllələrdə futbol meydançaları inşa olunur və bu imkanlar uşaqların, gənclərin istifadəsinə pulsuz şəkildə təqdim edilir".

Göydəniz Qəhrəmanovun sözlərinə görə, dövlət tərəfindən yaradılan bu şəraitin əsas məqsədi gənclərin və uşaqların idmana marağını artırmaq, onların sağlam həyat tərzinə üstünlük verməsini təmin etməkdir:

"Bu həm də gənclərin pis vərdişlərdən uzaq durmasına, sağlam ruhda və sağlam bədəndə formalaşmasına xidmət edir. Düşünürəm ki, bizim böyük imkanlarımız var və bu imkanlardan düzgün istifadə etməliyik. Uşaqlarımızın futbol sahəsində böyük nailiyyətlər qazanması üçün bu gün kifayət qədər şərait və potensial mövcuddur".

AFFA-nın Məşqçilərin maarifləndirmə şöbəsinin müdiri Aslan Kərimov isə bildirdi ki, uşaq futbolunun vəziyyətini qənaətbəxş hesab etmək olmaz:

"Çünki yarışlara və ümumi mənzərəyə baxdıqda görürük ki, yerli oyunçuların inkişafı üçün indiyə qədər yaradılan şərait bu inkişafı tam şəkildə təmin etməyib. Bu sahənin içində olan biri kimi deyə bilərəm ki, akademiyalarla bağlı ciddi işlər görülməli idi. Təəssüf ki, uzun illər ərzində deyilənlərin böyük hissəsi daha çox kağız üzərində qalıb. Reallıqda isə akademiyalarda şərait, infrastruktur və maliyyə təminatı baxımından ciddi problemlər mövcud olub. Halbuki bunlar olmadan uşaq futbolunu inkişaf etdirmək çox çətindir. Digər vacib məqam isə uşaq futbolunda nəticələrin ön plana çəkilməsidir. Aşağı yaş qruplarında çıxış edən komandaların üzərinə çempionluq tələbi qoyulması, məncə, uşaq futbolunun inkişafına mənfi təsir göstərib. U-15 komandası üzərində birincilik təzyiqi yaratmaq düzgün yanaşma deyil. Əslində həmin yaşlarda əsas məqsəd nəticə yox, oyunçu yetişdirmək və onların inkişafına şərait yaratmaq olmalıdır".

Müsahibimizin sözlərinə görə, bizdə illərlə belə bir tendensiya olub ki, bir komandanı gücləndirmək üçün ən istedadlı oyunçular bir yerə toplanır, nəticədə digər komandalar zəifləyir:

"Bu isə rəqabətədavamlı çempionatın formalaşmasına mane olur. Halbuki sağlam rəqabət olmadan futbolun inkişafı mümkün deyil. Ən böyük problemlərdən biri də regionlarla bağlıdır. Əslində futbolun inkişafı bir çox ölkələrdə məhz regionlardan başlayır. Paytaxtlar daha çox hazır futbolçuların toplandığı mərkəz rolunu oynayır. Azərbaycanda da tarixən ən yaxşı futbolçuların böyük hissəsi regionlardan çıxıb. Amma hazırda regionlarda əsas problem odur ki, yarışlar əsasən U-11, U-12, U-13 və U-14 yaş qrupları ilə məhdudlaşır. Ondan sonrakı mərhələdə isə komandaları saxlamaq və yarışlarda iştirak etmək üçün maliyyə imkanları çatmır. Bu isə çox ciddi problemdir. Çünki 15 yaş elə bir dövrdür ki, artıq həmin mərhələdən sonra peşəkar futbola keçid formalaşmağa başlayır. Əgər bu yaşda futbolçu müəyyən fasilə verirsə və ya yarış mühitindən uzaq düşürsə, onun peşəkar futbola keçidi xeyli çətinləşir. Maddi imkanı olan ailələr övladlarını Bakıya və ya başqa şəhərlərə göndərə bilirlər, amma əksəriyyətin buna imkanı çatmır. Nəticədə çoxlu istedadlı uşaqlar futbolu yarımçıq qoymalı olur. Bu isə uşaq futbolunun inkişafına ciddi zərbə vurur".

Ekspertin fikrincə, ilk növbədə keyfiyyətli akademiyalar yaradılmalı, infrastruktur gücləndirilməli və uşaqlar üçün normal şərait təmin olunmalıdır.

"Ən vacib məsələlərdən biri də rəqabətədavamlı çempionat sisteminin qurulmasıdır. Çünki sağlam və güclü çempionat özü oyunçuların inkişafına böyük təsir göstərir. Biz bunu başqa ölkələrin təcrübəsində də görürük. Məsələn, Ukraynada müharibə şəraitinə baxmayaraq futbolçu yetişməyə davam edir. Bunun əsas səbəblərindən biri onların rəqabətədavamlı liqa sisteminə malik olmasıdır. Ola bilər ki, hər yerdə yüksək səviyyəli məşqçi yoxdur, amma sistem və yarış mühiti futbolçunun inkişafına imkan yaradır. Bütün bunlar göstərir ki, uşaq futbolunun inkişafı üçün sistemli yanaşmaya ehtiyac var. Bu mövzu qısa müsahibə ilə yekunlaşacaq məsələ deyil. Burada geniş müzakirələrə, real addımlara və uzunmüddətli strategiyaya ehtiyac var", - deyə A.Kərimov yekunlaşdırdı.

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "uşaq və gənclərin fiziki və mənəvi inkişafı" mövzusunda dərc olunub.

Xədicə BAXIŞLI

2
Seçilən
15
1
redaktor.az

2Mənbələr