"Taksi xidməti ilə məşğul olan sürücülərin qarşılaşdığı problemlər artıq hər kəsə məlumdur. Onlar bu barədə sosial şəbəkələrdə mütəmadi şəkildə məlumat paylaşırlar".
Bu fikirləri Redaktor.az-a açıqlamasında sığorta eksperti Şahin İsmayılov taksilərin icbari sığorta artımından danışarkən bildirdi. Onun sözlərinə görə, şəhərdə taksi duracaqlarının az olması, sərnişin götürərkən və ya düşürərkən dayanma-durma qaydalarının pozulması adı ilə kütləvi şəkildə cərimələnmələr, gediş haqlarının aşağı olması və bəzən sərnişin kobudluğu ilə qarşılaşmaları taksi sürücülərinin daim gərgin şəraitdə işləməsinə səbəb olur:
"Nəzərə almaq lazımdır ki, bir çox sürücü gün ərzində 12-14 saat çalışır. Çünki onların qarşısında müəyyən plan və öhdəliklər qoyulur və həmin planı yerinə yetirməyə məcburdurlar. Digər tərəfdən, aprelin 1-dən etibarən taksi fəaliyyəti ilə məşğul olan avtomobillərin icbari sığortalanması ilə bağlı yeni qaydanın tətbiqinə başlanılıb. Bu qaydaya əsasən, taksi avtomobillərinə icbari sığorta haqqının hesablanmasında 1,5 əmsal tətbiq olunur. Məlum olduğu kimi, “İcbari sığortalar haqqında” qanuna əsasən mühərrik həcmi 1,5 litrədək olan avtomobillər üçün baza icbari sığorta haqqı 50 manatdır. Taksi fəaliyyəti ilə məşğul olan avtomobillərin böyük əksəriyyəti də məhz aşağı mühərrik həcminə malik nəqliyyat vasitələridir. 1,5 əmsalının tətbiqi nəticəsində əvvəllər 50 manat sığorta haqqı ödəyən sürücü artıq 75 manat ödəməli olacaq. Yəni faktiki olaraq 50 faizlik artım baş verir".

Ekspert qeyd etdi ki, artıq bu tətbiq qüvvəyə minib və hər bir sürücü icbari sığorta müqaviləsini yeniləyərkən bununla qarşılaşacaq:
"Burada vacib bir məqamı qeyd etmək lazımdır. İcbari sığorta müqaviləsi rəsmiləşdirilərkən sistemdə əlavə bir sual yerləşdirilib: “Avtomobil taksi fəaliyyətinə cəlb olunubmu?” Sığorta müqaviləsini hazırlayan şəxs bu sualı hər bir sürücüyə ünvanlamalıdır. Bəzi sürücülər daha aşağı məbləğ ödəmək üçün bu suala yanlış cavab verərək avtomobilin taksi fəaliyyəti ilə məşğul olmadığını göstərə bilərlər. Lakin bunun sonradan ciddi problemləri yarana bilər. Çünki sığorta şirkətləri bu məlumatları mütəmadi şəkildə araşdırırlar. Əgər sonradan məlum olsa ki, sürücü yanlış məlumat verib və avtomobilin təyinatını gizlədib, bu halda müxtəlif cərimə mexanizmləri tətbiq oluna bilər. Hətta qəza baş verdiyi halda sığorta şirkəti yanlış məlumat təqdim edildiyini əsas gətirərək qarşı tərəfə dəymiş ziyanın ödənilməsindən imtina edə bilər. Ona görə də nə qədər xoşagəlməz olsa da, sürücülər icbari sığorta müqaviləsi bağlayarkən avtomobilin təyinatı barədə düzgün məlumat verməlidirlər. Əgər avtomobil həqiqətən taksi fəaliyyətinə cəlb olunubsa, sığorta haqqı da müvafiq olaraq artırılmış tariflə hesablanmalıdır. Çünki sonradan yaranacaq problemlər daha ağır nəticələrə səbəb ola bilər".
Müsahibimizin sözlərinə görə, qiymətin birdən-birə 50 faiz artırılması sürücülərin narazılığına səbəb olur:
"Onsuz da taksi sürücüləri ağır iş şəraitində fəaliyyət göstərirlər, müxtəlif problemlərlə üzləşirlər və əlavə maliyyə yükü onların vəziyyətini daha da çətinləşdirir. Lakin qərar artıq qəbul olunub və mövcud qaydalara əməl etmək tələb olunur. Bir daha diqqətə çatdırmaq istəyirəm ki, icbari sığorta müqaviləsi əldə edilərkən avtomobilin təyinatı barədə düzgün məlumat təqdim olunmalıdır".
Xədicə BAXIŞLI