Reuters agentliyinin verdiyi məlumata görə, Eyfel qülləsinin orijinal pilləkəninin 1889-cu ilə aid bir hissəsi Fransanın Artcurial Paris hərrac evi tərəfindən hərracda 450.000 avrodan yuxarı qiymətə satılıb.
Agentliyin məlumatına görə, 2,7 metr hündürlüyündə və 1,4 ton ağırlığında olan fraqmentin qiyməti satışdan əvvəlki 150.000 avroluq qiymətdən üç dəfədən yuxarı olub.
Agentliyin verdiyi məlumata görə, Artcurial Paris-in Art Deco dizayn direktoru Sabrina Dolla bildirib ki, bu əraziyə marağın səbəbi 2024-cü il Paris Olimpiadasıdır. Həmin vaxt Eyfel qülləsi, Konkord meydanı və Böyük Saray tədbirin mərkəzi simvollarına çevrilib.
"Biz onun nəyi simvolizə etdiyinə və estetik cəlbediciliyinə marağın yenidən artdığını mütləq görürük"- o deyib.
Eyfel qülləsi mühəndis Qustav Eyfel tərəfindən dizayn edilib və 1889-cu ildə Dünya Sərgisinin bir hissəsi olaraq inşa edilib. Bu hissə ziyarətçilərin ikinci mərtəbədən qüllənin zirvəsinə qalxmasına imkan verən spiral pilləkənin bir hissəsi idi. 1983-cü ildə tikili sökülərək 24 hissəyə bölünmüş, bunlardan 20-si hərracda satılmışdı. Hazırda fraqment onu 1983-cü ildə satın alan fransız iş adamına məxsusdur.
SAMİRƏ