AZ

Gənclərə insan alverinin cəmiyyət üçün yaratdığı təhlükələr barədə məlumat verilib

ain.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 21 may, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən “Gənclərin insan alverinə qarşı mübarizədə rolu” mövzusunda maarifləndirici tədbirlər təşkil edilib.

Agentliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, tədbirlərdə Azərbaycan Turizm və Menecment Universitetinin, Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin, eləcə də Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin tələbələri iştirak ediblər.

Görüşlər zamanı agentliyin İnsan Alveri Qurbanlarına Yardım Mərkəzində təqdim olunan xidmətlər, benefisiarların sosial reabilitasiyası və cəmiyyətə reinteqrasiyası sahəsində görülən işlər barədə məlumat verilib.

Agentliyin əməkdaşları insan alverinin müxtəlif formaları, onun doğurduğu risklər və müasir cəmiyyət üçün yaratdığı təhlükələrlə bağlı çıxış ediblər. Bildirilib ki, maarifləndirmə işi bu sahədə mühüm əhəmiyyət daşıyır.

Tədbirlərdə mövzu ilə bağlı bukletlər paylanılıb, tələbələrin mövzu ilə bağlı sualları cavablandırılıb, qarşılıqlı fikir mübadiləsi aparılıb.

Mütəmadi təşkil olunan bu cür görüşlərin məqsədi insan alverinə qarşı mübarizədə dövlət qurumlarının fəaliyyəti barədə ictimaiyyəti məlumatlandırmaq, həmçinin vətəndaşlarda məsuliyyətli və fəal ictimai mövqenin formalaşdırılmasına dəstək verməkdir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
34
azertag.az

1Mənbələr