AZ

Kanakların səsi Bakıda eşidilir-Fransanın Sakit okeandakı son qalası çökürmü?

"Müstəmləkəçilik tarixə qovuşdu. Bu, XX əsrin ortalarında dünyaya elan edildi. Bayraqlar endirildi, müstəqillik aktları imzalandı, xalqlar öz adlarına danışmağa başladı. Lakin tarix göstərdi ki, müstəmləkəçilik heç vaxt tam olaraq getmədi. O, sadəcə formasını dəyişdi. Silahlı qarnizonun yerini iqtisadi asılılıq mexanizmləri, birbaşa idarəetmənin yerini hüquqi-siyasi çərçivələr aldı. Bu yeni formata bir ad verildi: neokolonializm. Bu gün Fransız Sakit Okeanındakı Yeni Kaledoniya arxipelaqı bu dəyişimin ən çılpaq nümunəsidir".

Bu sözləri Musavat.com-a Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.

O bildirib ki, kanak xalqı bu torpaqların əsl sahibləridir: "Onilliklərdir ki, öz müqəddəratını təyin etmək hüququ uğrunda mübarizə aparırlar. Fransanın isə bu mübarizəyə münasibəti dəyişməyib. Nəzarəti əldə saxlamaq əsas hədəfləridir.

Yeni Kaledoniya 1853-cü ildən Fransanın müstəmləkəsidir. 2018 və 2020 -ci il referendumlarında müstəqillik tərəfdarları fərq yaratsalar da, seçkini qazana bilmədilər.

2021 referendumu pandemiya şəraitində, kanak boykotu altında keçirildi.

2024-də yeni seçki qanunu kütləvi etirazlara yol açdı Onlarla insan həyatını itirdi.

Yeni Kaledoniya hələ də BMT-nin dekolonizasiya siyahısındadır. Üç referendumdan ikisinin nəticəsi müstəqilliyə heyranedici yaxınlıqda idi. 2021-ci il referendumu isə tamam fərqli şəraitdə keçdi. COVID19 pandemiyasının zirvəsindəydi. Kanak cəmiyyəti yas içindəydi. Əənəvi inanclara görə yeni vəfat etmiş insanın dörd aylıq yas dövrü müddətində siyasi fəaliyyət qadağandır. Müstəqillik tərəfdarları boykot elan etdi. Fransa isə referendumu keçirdi. Nəticəni "qapalı məsələ" elan etdi".

Deputatın sözlərinə görə, bu referendumun heç bir legitim tərəfi yox idi: "Kanak fəalı Rok Haokas bu referendumu "qanunsuz bir tarixdə keçirilmiş, legitim olmayan bir proses" kimi xarakterizə edir: "Onun sözlərindəki acı real bir həqiqəti əks etdirir. Fransanın elan etdiyi demokratiya kanak xalqına tətbiq olunduqda başqa qaydalarla işləyir.

2024-cü ildə Fransa parlamentindən bir qanun layihəsi təklif edildi. Layihənin məzmunu texniki görünürdü, seçici korpusunun genişləndirilməsi. Lakin siyasi nəticəsi birmənalıydı — seçici siyahısına on minlərlə yeni köçkünün əlavə edilməsi kanak xalqının əsrlər boyu qazandığı siyasi çəkini bir gecəlik məhv edə bilərdi.

2024-cü ilin may ayında Yeni Kaledoniya alovlandı. Kanallar, körpülər, ticarət mərkəzləri yandı. Etirazlar şiddətə çevrildi. Paris fövqəladə vəziyyət elan etdi, Fransadan xüsusi qüvvələr gətirildi, kanak liderləri həbs edilib Fransaya aparıldı. "Siyasi məhbus" anlayışı yenidən gündəmə gəldi. Fransanın "hüquqi dövlət" nümunəsi kimi təqdim etdiyi ölkədə.

2024-cü il hadisələrindən sonra Yeni Kaledoniya ağır iqtisadi böhrana düçar oldu. Nikel sənayesi — adanın əsas iqtisadi dayağı — fəaliyyətini demək olar ki, dayandırdı. İşsizlik kəskin artdı. İnfrastruktur dağıldı.

Bu şəraitdə Paris milyardlarla avroluq yardım paketlərini elan etdi. Görünüşcə humanitar addım. Lakin kanak tərəfinin analizi başqadır: bu yardımlar siyasi şərtlərlə gəlir. Kimə verilir? Hansı qurumlara axır? Hansı islahatlar qarşılığında?

Yardım verilmir-asılılıq satın alınır.

Bu, klassik neokolonial formuladır. iqtisadi çöküşü yaratmaq, sonra xilasetmə adı altında yeni asılılıq qurmaq. Fransa bunu Afrikada onilliklərdir tətbiq etdi. İndi eyni modeli Sakit Okeanda da işə salır.

Naqif

Yeni Kaledoniya bu gün də BMT-nin "dekolonizasiya olunmalı ərazilər" siyahısındadır. Bu, beynəlxalq hüquqi statusdur. Bu status Fransanın "bu, daxili işimizdir" iddiasını əsassız edir. Lakin Fransa bu beynəlxalq öhdəliklərə münasibətdə ikili standart tətbiq edir. Başqa yerlərdə xalqların öz müqəddəratını təyin etmə hüququnu müdafiə edir, kanak xalqına gəldikdə isə bu hüquq "mürəkkəb tarixi kontekst" adı altında siyasiləşdirilir, ləngidilir, geri sürüşdürülür.

Bu mənzərənin içində ki, Azərbaycanın rolu xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan müstəmləkəçilik əleyhinə diplomatik fəaliyyətini son illərdə ardıcıl şəkildə genişləndirib. Bakı Təşəbbüs Qrupu bu istiqamətdə mühüm platforma rolunu oynayır. BTQ, fransız müstəmləkə siyasəti altında əzab çəkən xalqları — Yeni Kaledoniyadan Fransız Polineziyasına, Korsikadan Martinikə qədər — bir araya gətirərək onlara beynəlxalq arenada söz vermişdir.

Rok Haokasın dediyi kimi, "Azərbaycan Fransanın susdurmağa çalışdığı xalqlara səs verir". Bu, boş sözlər deyil. Konkret fəaliyyətin nəticəsidir.

Azərbaycanın bu sahədə aktiv olmasının ciddi tarixi əsası var. Azərbaycan özü onilliklər boyu işğal altında yaşadı, torpaqlarının azad edilməsi üçün mübarizə apardı, beynəlxalq hüquq normalarına riayətin tələb edilməsi yolunda diplomatik təcrübə qazandı. Öz tarixini yaşamış bir xalq başqasının tarixini daha dərindən oxuyur.

Bu baxımdan Bakı təkcə diplomatik platforma deyil — müstəmləkəçilik əleyhinə qlobal həmrəyliyin əsas mərkəzlərindən birinə çevrilir.

Kanak xalqının mübarizəsi təkcə Sakit okeanın uzaq bir arxipelaqındakı lokal problemin ifadəsi deyil. Bu mübarizə, bütün dünyada öz müqəddəratını müstəmləkə güclərinin müdaxiləsindən qorumaq istəyən xalqların ortaq mübarizəsidir.

Fransa bu mübarizənin qarşısında demokratiya dili danışmağa davam edəcək. Amma getdikcə daha çox xalq, daha çox dövlət, daha çox beynəlxalq platforma bu dilin arxasındakı gerçəkliyi görür.

Rok Haokas kimi fəalların Bakıda səs tapması, kanak xalqının mübarizəsinin beynəlxalq gündəmə daşınması diplomatiyadan artıqdır. Bu, ədalət uğrunda qlobal həmrəyliyin ifadəsidir. Müstəmləkəçilik bitsədə, neokolonializm davam edir. Mübarizə isə, hər iki cəbhədə davam edir".

Cavanşir Abbaslı
Musavat.com

Seçilən
35
musavat.com

1Mənbələr