AZ

AŞPA: Hazırda Gürcüstanda demokratik seçkilər üçün şərait yoxdur

BAKI, 21 may. TELEQRAF

AŞPA Monitorinq Komitəsi Gürcüstandakı demokratik geriləmə və dərin siyasi-sosial böhranla bağlı ciddi narahatlığını bildirir və bəyan edir ki, demokratik geriləmə, vətəndaş cəmiyyətinə, siyasi müxalifətə və azad mediaya qarşı repressiyalar dayanmadan davam edir.

Teleqraf xəbər verir ki, bu barədə AŞPA-nın saytında dərc olunmuş bəyanatda deyilir.

Həmməruzəçilər Edit Estrella və Sabina Çudiçin hesabatına əsaslanan qətnamə layihəsində assambleyanın təcili tövsiyələrinin heç birinin yerinə yetirilmədiyi və demokratiyanın davam edən çöküşünün hakimiyyətin Gürcüstanın Avropa Şurasına üzvlük öhdəliklərini yerinə yetirməyə hazır olub-olmadığına dair ciddi şübhələr doğurduğu bildirilir.

Komitə Gürcüstanda demək olar ki, bütün demokratik müxalifət partiyalarını qadağan etmək və onların rəhbərliyini siyasi motivli və uydurma ittihamlarla təqib etmək təşəbbüsünü “qəbuledilməz” adlandırır və qeyd edir ki, əgər bu kurs davam edərsə, Gürcüstanda təkpartiyalı diktaturanın qurulmasına gətirib çıxaracaq.

Qurum həmçinin iddia edir ki, hazırda Gürcüstanda həqiqətən demokratik seçkilərin keçirilməsi üçün şərait yoxdur, bu da demokratik müxalifətə, vətəndaş cəmiyyətinə və müstəqil mediaya qarşı amansız repressiyalar, eləcə də ölkədəki həddindən artıq sosial-siyasi parçalanma ilə əlaqədardır.

Qətnamə layihəsində Cinayət Məcəlləsinə, Vətəndaşların Siyasi Birlikləri haqqında Qanuna və İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər də daxil olmaqla, “repressiv qanunvericiliyin” ləğvi də tələb olunur.

Nəhayət, AŞPA Gürcüstan hakimiyyətini Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarını və ATƏT-in Moskva Mexanizmi çərçivəsində verilən tövsiyələri tam şəkildə yerinə yetirməyə çağırır.

Seçilən
36
teleqraf.com

1Mənbələr