Ağdam, 21 may, AZƏRTAC
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı tarixi Zəfərdən sonra işğaldan azad edilmiş Ağdam şəhərində həyata keçirilən genişmiqyaslı, kompleks bərpa və quruculuq işləri nəticəsində doğma yurdun siması tamamilə yenilənir və həyat tədricən öz əvvəlki axarına qayıdır. “Qarabağın ürəyi” hesab olunan və otuzillik işğal dövründə tamamilə dağıdılaraq "Ruhlar şəhəri"nə çevrilən Ağdam bu gün tətbiq edilən ən qabaqcıl ekoloji və rəqəmsal standartlarla yenidən qurulur. Şəhərdə sürətlə ucalan müasir yaşayış məhəllələri, strateji mühəndis-kommunikasiya infrastrukturu və çoxfunksiyalı sosial obyektlər “Böyük Qayıdış” proqramı çərçivəsində doğma yurda dönən sakinlər üçün yüksək səviyyəli, əlçatan və əlverişli şərait yaradır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, artıq yüzlərlə ailə Ağdamda məskunlaşıb, şəhərdə sosial-iqtisadi həyat əhəmiyyətli dərəcədə canlanıb və sakinlərin doğma torpaqlara mərhələli qayıdışı böyük ruh yüksəkliyi ilə davam edir.
Ağdama qayıdan sakinlər Böyük Qayıdışın yaratdığı imkanları və dövlətin onlara göstərdiyi diqqəti yüksək qiymətləndirirlər. Pərvin Şakirqızı doğma yurda dönüşün sevincini belə ifadə edir: “Mən Ağdamda dünyaya göz açmışam, burada böyümüşəm. Birinci Qarabağ müharibəsi zamanı yaxınlarımızı bu torpaqlar uğrunda şəhid verdik. Çətin bir vəziyyətdə məcburi şəkildə doğma Ağdamımızı tərk etməli olsaq da, bir gün bura qayıdacağımıza inanırdıq. Xatirimdədir, hətta evdən çıxanda soyuducu və digər elektrik avadanlıqlarını söndürüb qapını bağladıq, evin açarını da götürdük. Lakin işğal illərində düşmən Ağdamı yerlə-yeksan etdi. Torpaqlarımız işğaldan azad ediləndən sonra Ağdama qayıdanda ikimərtəbəli evimizdən geriyə sadəcə daş qalıqları qalmışdı. Şükürlər olsun ki, bu gün dövlətimiz Ağdamı yenidən quru, yeni binalar ucaldılır, şəhərimiz yenidən ağ günlərinə çıxır. İndi Ağdam abad və gözəl məkana çevrilib”.
Ağdamda həyata keçirilən iri yaşayış layihələri də şəhərin yenidən qurulmasının əsas istiqamətlərindən biridir. Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Təranə Quliyeva bu barədə danışarkən deyib: “Ağdamın İkinci Yaşayış Kompleksi şəhərdə həyata keçirilən iri yaşayış layihələrindən biridir. İkinci mərhələnin təməli 2023-cü ildə qoyulub, tikinti işləri 2025-ci ildə başa çatdırılıb və həmin ilin dekabrın 25-də Ağdam şəhərinə ilk köç gerçəkləşib. Burada 60 yaşayış və 6 qeyri-yaşayış binası mövcuddur, məhəllələrin sayı isə 11-dir. Ümumilikdə 1268 mənzil inşa edilib və bunlar 1, 2, 3 və 4 otaqlıdır”.
Onun sözlərinə görə, kompleksdə həyata keçirilən layihələr “Ağıllı şəhər” konsepsiyasına uyğun icra olunub. Əhalinin təhlükəsiz və rahat yaşayışı, eləcə də əlçatanlığın təmin olunması üçün müasir sosial obyektlər tikilib. Məktəb, uşaq bağçası, tibb məntəqəsi və inzibati binalar fəaliyyət göstərir.
Eyni zamanda, yol infrastrukturunun tikintisinə də xüsusi diqqət yetirilib. Ağdam Şəhər İkinci Yaşayış Kompleksində mövcud olan daxili yolların ümumi uzunluğu 4,65 kilometr təşkil edir.
Görülən bütün infrastruktur tədbirləri təkcə mənzil təminatı ilə məhdudlaşmır, həm də Ağdamda dayanıqlı məskunlaşmanın və gələcək iqtisadi aktivliyin təməlini qoyur. Doğma sakinlərinin nəfəsi ilə yenidən canlanan Ağdam sürətli tikinti tempini qorumaqla yaxın gələcəkdə bütöv Qarabağ regionunun ən müasir, yaşıl və sənaye baxımından inkişaf etmiş böyük mərkəzlərindən birinə çevrilmək hədəfinə doğru qətiyyətlə irəliləyir.
Müxbir-Aydın Yavərzadə