AZ

Ölkədə “qatil ana”lar gəncləşir – SOS

2025-ci ildə Azərbaycanda 95 117 abortun 3 178-i 18-19 yaş qrupunda, 66 abort isə 15-17 yaş qrupunda qeydə alınıb. Musavat.com xəbər verir ki, bu, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2025-ci il üzrə məlumatında əksini tapıb. Hesabatda bildirilib ki, Səhiyyə Nazirliyinin məlumatlarına əsasən, 2025-ci ildə ölkə üzrə 95 117 abort qeydə alınıb. Statistikaya görə, abort etdirənlərin 27 498-i 30-34 yaş, 26 329-u 25-29 yaş, 22 811-i isə 35 və yuxarı yaş qrupunda olan qadınlar olub.

Qeyd olunub ki, 20-24 yaş qrupunda 15 235, 18-19 yaş qrupunda 3 178, 15-17 yaş qrupunda isə 66 abort qeydə alınıb. Hesabatda vurğulanıb ki, abortların sayı 2021-ci ildə 46 877, 2022-ci ildə 57 999, 2023-cü ildə 73 816, 2024-cü ildə isə 78 245 olub. Bu da son illərdə abortların sayında ciddi artım olduğunu göstərir. Məlumata əsasən, 2025-ci ildə kontrasepsiya vasitələrindən istifadə edən qadınların sayı 31 586 olub. Onların 9 843-ü 25-29 yaş, 7 922-si 30-34 yaş, 6 782-si isə 35-49 yaş qrupunda olub. Sənəddə həmçinin qeyd olunub ki, 2024-cü ildə doğulan 102310 körpənin 54 221-i oğlan, 48089-u isə qız uşaqları olub. Doğulan qız uşaqları ilə oğlan uşaqları arasındakı fərq isə 6 132 nəfər təşkil edib. Məlumata görə, doğulanda cins nisbəti hər 100 qıza 113 oğlan təşkil edib. Hesabatda bildirilib ki, 2024-cü illə müqayisədə 2025- ci ildə doğulan qız uşaqları ilə oğlan uşaqları arasındakı fərq 6 132-dən 5 953-ə düşüb. Vurğulanıb ki, ötən il 26 ana doğuş zamanı həyatını itirib. Abortların bu həddə çatması təhlükəli vəziyyətin göstəricisidirmi?

Tanınmış sosioloq, fəlsəfə üzrə fəlsəfə doktoru Mail Yaqub mövzu ilə bağlı Musavat.com-a fikrini bölüşüb: “Abort sayının qısa bir zamanda- 4-5 il ərzində bu həddə çatması dəhşətlidir. Fəsadı nədir? Burada əhalinin artım tempi azalır. Əhalinin sayının azalmasının nəticəsi nədir? Gələcəkdə bunun əsas nəticələrindən biri işçi qüvvəsinin çatışmazlığı ola bilər. Digər mühüm məsələ isə hərbi-siyasi təhlükəsizliyin təmin olunmamasıdır. Ölkənin hərbi və siyasi baxımdan təhlükəsizliyinin təminatlarından biri də əhalinin sayıdır. Bu, çox ciddi məsələdir. Ən böyük nəticəsi məhz budur və bunun qarşısı mütləq alınmalıdır”.

Sosioloq bunun qarşısının inzibati, hüquqi və mənəvi-əxlaqi yollarla maarifləndirmə aparılmasını vacib sayb: “Dinimizdə də abort haram və günah hesab olunur, qətl hesab olunur. Ana bətnində olan uşağın abortu canlı insanın qətli kimi qiymətləndirilir və qəti şəkildə qadağan edilir. Bu yanaşmaları insanlara çatdırmaq lazımdır. Digər tərəfdən, məsələnin səbəbləri də araşdırılmalıdır. Niyə insanlar uşaq dünyaya gətirmək istəmirlər? Niyə ailələrdə uşaq sayı azalır? Təbii ki, bunun müxtəlif səbəbləri var və mən bu barədə əvvəllər də danışmışam. Obyektiv səbəblərdən biri sosial-iqtisadi məsələlərdir, amma təkcə bu deyil. Bu problemlər həll olunmalıdır ki, insanlar aborta üz tutmasınlar. Çünki ortaya çıxan rəqəmlər çox düşündürücüdür və bizə yaraşan göstəricilər deyil”.

 Afaq Mirayiq,

Musavat.com

 

 

Seçilən
30
musavat.com

1Mənbələr