Bakı, 21 may, AZƏRTAC
BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində “ADA Universiteti- Sosial Mənzilli İnklüziv Qonşuluqlar: Vyana modelindən dərslər və beynəlxalq tətbiq potensialı” mövzusunda tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, ADA Universitetinin professoru Silja Tillner tədbirdə çıxış edərək Vyananın sosial mənzil modelinin tarixi inkişafı, inklüziv və əlçatan yaşayış məkanlarının yaradılması, müxtəlif sosial qrupların bir arada yaşadığı məhəllə konsepsiyası, eləcə də şəhərsalma və nəqliyyat planlamasının inteqrasiyası barədə danışıb. Tədbirdə, həmçinin Vyanada həyata keçirilən iri yaşayış layihələri və beynəlxalq tətbiq imkanları təqdim olunub. O, çıxışı zamanı Vyananın sosial mənzil modelinin formalaşma tarixi və şəhərin bu sahədə əldə etdiyi təcrübə barədə ətraflı məlumat verib. Silja Tillner qeyd edib ki, bu gün Vyana əhalisinin böyük hissəsi kirayə mənzillərdə yaşayır və onların əksəriyyəti əlçatan sosial mənzil proqramlarından yararlanır. Onun sözlərinə görə, bu model yalnız aztəminatlı insanlar üçün deyil, orta təbəqə üçün də nəzərdə tutulub və şəhərin müxtəlif hissələrində balanslı şəkildə tətbiq olunur.
Professor vurğulayıb ki, Vyana modeli yalnız yaşayış binalarının tikintisi ilə məhdudlaşmır, həm də inklüziv və müxtəlif sosial qrupları bir araya gətirən icmaların formalaşdırılmasına yönəlib. Bildirib ki, yeni yaşayış layihələrində sakinlərin birgə istifadə edə biləcəyi ictimai məkanlar, emalatxanalar, kitabxanalar, kafe və sosial fəaliyyət zonaları yaradılır.
O, Vyanada həyata keçirilən iri şəhərsalma layihələrindən də bəhs edib. Əlavə edib ki, Vyana təcrübəsi digər ölkələr üçün də faydalı model ola bilər. Sosial mənzil siyasəti şəhərlərdə daha inklüziv, dayanıqlı və yaşana bilən mühitin formalaşdırılmasına töhfə verir.
Müxbir - Aytən Abbaslı